Analitik: Vaşinqtonun irəli sürdüyü planı rədd etməsi Benyamin Netanyahunu çətin vəziyyətə salıb

"İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ın Qəzzada münaqişənin nizamlanması ilə bağlı sülh planını rədd etməsi onunla Ağ Ev sahibi Donald Tramp arasında münasibətlərdə gərginlik yaradıb".

Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.

Analitik qeyd edib ki, Netahyahu Vaşinqtonun planını o halda icra etməyə hazırdır ki, HƏMAS tamamilə tərksilah olunsun:

" Netanyahu bu baş verməyənə qədər İsrail hərbçilərinin anklavdan çıxmayacağını bəyan edib. Netanyahunun bu israrı Vaşonqtonu çətin vəziyyətə salıb. Tramp administrasiyası 15 bənddən ibarət sülh planını hazırlanmasına xeyli vaxt sərf edib və İsrailin sənədi rədd etməsi Vaşinqtonun əziyyətinin üstündən xətt çəkməsi deməkdir. Hazırda İsrail və ABŞ rəsmiləri ilə danışıqlar davam edir. Donald Tramp xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşneri İsrailə göndərərək Benyamin Netanyahunu yola gətirməyi planlaşdırır. Ancaq Netanyahu Qəzzayla bağlı plana razı olsaydı, bunu elə bir müddət əvvəl Vaşinqtona səfəri və Donald Trampla görüşü zamanı elan edərdi. Netanyahu güzəştə hazır deyil. İsrailin baş naziri nə Qəzza, nə də Fələstinin dövlət olaraq tanınması məsələsində geri addım atacaq". 

Politoloq qeyd edib ki, Vaşinqtonun irəli sürdüyü planı rədd etməsi Benyamin Netanyahunu çətin vəziyyətə salıb:

"ABŞ İsrailin əsas strateji müttəfiqidir və Vaşinqtonun narazılığı İsrail üçün çətin geosiyasi vəziyyət yarada bilər. Misal üçün İsrail Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqının elanını özü üçün təhdid kimi qəbul edib. Həqiqətən, bu üç dövlət İsrailini siyasətini qəbul etməyərək Fələstin dövlətinin formalaşdırılmasını dəstəkləyirlər. Vaşinqton üçlü ittifaqın formalaşdırılmasına reaksiya bildirmədi. ABŞ-ın üçlü ittifaqda yer alan hər dövlətlə əməkdaşlığı mövcuddur. Vaşinqtonda hesab edirlər ki, üçlü ittifaq ABŞ-ın bölgədəki əsas düşməni İranı ram etməyə çalışacaq. Ancaq üçlü ittifaq İranla yanaşı İsrailin siyasətini də qəbul etmir. Bunu üçlü ittifaq elan edildikdən sonra Pakistan rəsmiləri açıq etiraf ediblər. Pakistanın müdafiə naziri müsəlman ölkələri üçlü ittifaqa daxil olmağa və İsrailə qarşı mübarizəni gücləndirməyə çağırıb. Bu hal Vaşinqtonu narahat etmir". 

Ekspertin sözlərinə görə, İsrail bu mürəkkəb vəziyyətdə azsaylı tərəfdaşlarla dialoqu genişləndirməyə çalışır:

"İsrailin baş naziri Benyamin Netanyahunun bir müddət əvvəl Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı buna sübutdur. Telefon danışığı zamanı Hindistan və İsrail arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı müzakirə edilib. Modi bildirib ki, telefon danışığı zamanı iki ölkə arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif aspektlərinin inkişafının müzakirəsiylə yanaşı Yaxın Şərqdəki cari vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Maraqlıdır ki, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqının elanı Netanyahunun Modi ilə telefon danışığı gününə təsadüf edib".