İzmir Böyükşəhər Bələdiyyəsinin tabeliyində olan şirkətlərin işçiləri maaşların natamam ödənilməsi və maaşa əlavə sosial haqların verilməməsi səbəbilə işə çıxmayaraq aksiyası keçirib. İşçilər “Çılpaq maaşa qarşı çılpaq ayaqla yürüyürük” yazılı plakat qaldırıblar.
Sherg.az xəbər verir ki, Ümumi-İş İzmir şöbələrinin binası önündə toplaşan işçilər “Çılpaq maaşa qarşı çılpaq ayaqla yürüyürük” pankartı açaraq şüarlar səsləndiriblər.
İşçilər ayaqqabı və corablarını çıxararaq piyada yürüş ediblər. Yürüş boyu şüar səsləndirən işçilər əllərindəki ayaqqabıları havaya qaldırıblar.
Ümumi-İş İzmir 2 nömrəli Şöbə sədri Ercan Gül jurnalistlərə bildirib ki, 23 min işçi sosial haqlarını və maaşlarını natamam alır və onların hüquqları tapdalanır.
Bələdiyyə rəhbərliyi ilə aylardır danışıqlar apardıqlarını, lakin ödəniş cədvəli barədə konkret açıqlamanın verilmədiyini deyən Gül əlavə edib:
“Maaşımıza edilən bu müdaxilə səbəbilə kirayəmizi, kreditlərimizi ödəyə bilməz hala gəlmişik. Bu münasibət səbrimizi tükəndirib və işçini bilərəkdən küçəyə çıxmağa məcbur edib.”
Gül aksiyanın qanuni və legitim olduğunu vurğulayaraq sözlərinə belə davam edib:
“Başlatdığımız etiraz təkcə maaşlarımız üçün deyil, 4 aydır vaxtında ödənilməyən sosial haqlarımız üçündür. Sosial haqlarımızla bağlı konkret ödəniş edilmədiyi halda aksiyalarımız davam edəcək. Hüquqlarımızı gözləyərək yox, mübarizə edərək alacağıq. Bu gün səhər saatlarından etibarən bütün iş yerlərimizdə yarım günlük iş dayanması edərək səsimizi ucaldırıq. İzmir Böyükşəhər Bələdiyyəsi bizi ciddi şəkildə dinləməyib hüquqlarımız üçün ödəniş planı təqdim etmədiyi və iş təminatımızı təmin etmədiyi halda, faktiki və legitim mübarizəmizi qətiyyətlə genişləndirəcəyik.”
Ümumi-İş İzmir 1 nömrəli Şöbə sədri Engin Topal isə bildirib ki, etirazlar bir həftə boyunca davam edəcək:
“Bu gün avtobuslar dayanmadı. Həyati əhəmiyyət daşıyan bəzi işlər də dayanmadı. İşimizi və xalqımıza xidmətləri axsatmadıq. Ancaq bizim 5 günlük etiraz planımız var.”