Benində bir qrup hərbçi bazar günü dövlət televiziyasında çıxış edərək prezident Patrik Talonun hakimiyyətdən uzaqlaşdırıldığını və hakimiyyətin ordu tərəfindən götürüldüyünü bəyan edib.
Özlərini “Yenidənqurma üzrə Hərbi Komitə” adlandıran qrupun sözlərinə görə, keçid dövrünün rəhbəri kimi polkovnik-leytenant Tiqri Paskal təyin olunub.
Rəsmi hökumət isə iddiaları təkzib edərək çevriliş cəhdinin qarşısının alındığını bildirib. Prezident Talonun 2026-cı ildə vəzifədən ayrılması gözlənilirdi.
Hərbçilər televiziya vasitəsilə ölkənin konstitusiyasının dayandırıldığını, sərhədlərin bağlandığını və Benin hava məkanının tamamilə qapadıldığını elan ediblər.
Fransa səfirliyi Kotonu şəhərində prezident Talonun rəsmi iqamətgahı yaxınlığında atışma səslərinin eşidildiyini təsdiqləyib və vətəndaşlarına evdən çıxmamağı tövsiyə edib. ABŞ səfirliyi də “qeyri-təsdiqlənmiş çevriliş xəbərləri” barədə xəbərdarlıq yayaraq prezident sarayı ətrafından və kütləvi yerlərdən uzaq durmağı məsləhət görüb.
Beninin xarici işlər naziri Oluşequn Adjadi Bakari “Reuters”a açıqlamasında ordunun böyük hissəsinin hələ də hökumətə sədaqətli olduğunu və televiziya binasında mövqelər alan kiçik qrupla mübarizənin davam etdiyini deyib.
Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib ki, hakimiyyət bütün ölkədə vəziyyətə tam nəzarət edir.
Açıqlamada bildirilir ki, kiçik bir qrup hərbi qulluqçu üsyan qaldırıb və bu, ordu tərəfindən yatırılıb.