Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH

 Kağız üzərində Putinə hökm çıxarmaq mümkün olsa da, problem onu tətbiq etməkdədir

Rusiya prezidenti Vladimir Putin siyasi və hüquqi müstəvidə sıxışdırılmış vəziyyətdədir. Avropa İttifaqı Moskvanı danışıqlara cəlb etmək üçün təzyiqi gücləndirib. Təşkilata daxil olan ölkələrin nazirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində işə başlamağı təklif ediblər. Aİ Rusiyanı iqtisadi cəhətdən zəiflətməklə yanaşı, Putinin əməlləri ilə bağlı hüquqi müstəvidə də addımlar atır. 2025-ci ildə Ukrayna Prezidenti və Avropa Şurasının baş katibinin təşəbbüsü əsasında ərsəyə gətirilən Xüsusi Tribunalın, ötən gün Moldovada keçirlən iclasda yaradılması üçün icra sazişi təsdiqlənib. Tribunalın fəaliyyət planı, Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üzərində qurulub. Dünyanın 36 dövləti təşəbbüsə qoşulacağını açıqlayıb. Ukraynanın XİN rəhbəri Andrey Sibiqa, tribunalın artıq geri dönüşü olmayan mərhələyə keçid etdiyini bildirib. Diplomatın sözlərinə görə, Putin tribunal vasitəsilə tarixə cinayətkar kimi düşəcək. 

Mövzu ilə bağlı millət vəkili, politoloq Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, bu məsələdə hüquqi və siyasi aspektləri bir-birindən ayırmaq lazımdır:

“Çünki beynəlxalq hüquqda “hökm çıxarmaq” ilə “həmin hökmü icra etdirmək” fərqli məsələlərdir. Avropa Şurası Nazirlər Komitəsinin dəstəyi ilə Xüsusi Tribunalın yaradılması əslində beynəlxalq hüquqda mövcud boşluğu doldurmağa hesablanıb. Çünki Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü ildə Putinin saxlanılması barəsində order verib. Lakin bu orderin icrasının mexanizmi yoxdur. Beynəlxalq Ədalət Məhkəməsi yalnız üzv dövlətlərin əməkdaşlığı ilə işləyir. Rusiya isə Roma Statutunu ratifikasiya etməyib. Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyət qaydalarını müəyyən edən müqavilədir. Hər hansı dövlət onu ratifikasiya edəndə, həmin məhkəmənin səlahiyyətlərini tanımış olur”. 

Politoloqun sözlərinə görə, nəzəri baxımdan Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz:

“Hətta sözügedən statutu ratifikasiya edənlərin də buna cəsarəti çatacağını düşünmürəm. Yeni tribunalın yaradılması da eyni problemlə üzləşəcək. Hüquqi qərarın olması, avtomatik olaraq Putinin həbs ediləcəyi anlamına gəlmir. Əgər Kremlin daxilində hakimiyyət dəyişikliyi baş verməsə, yaxud Putin Rusiyadan onu həbs etməyə hazır olan ölkəyə getməsə praktiki baxımdan onun saxlanılması mümkün deyil. Tribunalın məqsədi Rusiyanın “təcavüzkar dövlət” statusunu hüquqi şəkildə rəsmiləşdirmək, gələcəkdə kompensasiya və reparasiya tələbləri üçün baza yaratmaq, beynəlxalq səviyyədə Putinin legitimlik imkanlarını tamamilə məhdudlaşdırmaq, gələcək üçün hüquqi presedent formalaşdırmaqdır”. 

Millət vəikili qeyd edib ki, indiki halda tribunalın Rusiya üçün ciddi əhəmiyyət daşıdığını düşünmürəm: 

“Beynəlxalq hüquq baxımından, Ukraynanın Rusiyanı məhkəməyə verməyə haqqı var. Çünki beynəlxalq sistemdə əsas hüquqi meyar “ilk güc tətbiqi” və “təcavüz akt”dır. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi, BMT Nizamnaməsinin 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. Xüsusi Tribunal da məhz həmin hüquqi əsas üzərində qurulur. Diqqət çəkən digər məqam isə hazırda hər iki tərəfin mülki infrastruktura zərbələr endirməsidir. Əgər mülki obyektlər məqsədli şəkildə vurulursa və bu hücumlar hərbi zərurətlə izah olunmursa, ayrıca müharibə cinayətləri kontekstində araşdırıla bilər”. 

E.Mirzəbəyli vurğulayıb ki, beynəlxalq humanitar hüquqa görə elektrik stansiyaları, yaşayış binaları, xəstəxanalar, su və enerji infrastrukturu mülki obyekt hesab olunur:

“təcavüz cinayəti” müharibəni başlatmaq qərarını, “müharibə cinayətləri” isə savaşın necə aparıldığını əhatə edir. Rusiya hüquqi müstəvidə “təcavüzkar” ittihamı ilə üzləşəcək. Ukraynanın hərəkətləri isə müharibə hüququnun pozulması ittihamı əsasında araşdırıla bilər. Beynəlxalq hüquq, böyük dövlətlərə münasibətdə həmişə selektiv işləyib. Hazırda Putinin həbsinin çətinliyi də bunun nəticəsidir. kağız üzərində Putinə hökm çıxarmaq mümkün olsa da, problem onu tətbiq etməkdədir. Rusiya kimi nüvə dövlətinin rəhbərinə qarşı çıxarılan qərarın real nəticə verməsi üçün böyük dövlətlərin siyasi iradəsi lazımdır. Çünki beynəlxalq münasibətlərdə güc, hüququ qabaqlayır. Ona görə də tribunalın təsiri daha çox siyasi və simvolik olacaq”.