Britaniya Rusiya gəmilərinin heç birini saxlamayıb

Böyük Britaniya hakimiyyəti beynəlxalq dəniz hüququ normalarını pozmaqdan ehtiyat edərək Rusiya gəmilərinin heç birini saxlamayıb.

Sherg.az xəbər verir ki, bu barədə aprelin 9-da britaniyalı “The Daily Telegraph” qəzeti məlumat yayıb.

“Krallıq Hərbi-Dəniz Qüvvələri Rusiya tankerlərinin heç birini saxlamayıb, çünki hökumət bunun beynəlxalq hüququ poza biləcəyindən ehtiyat edir”, - deyə nəşrdə bildirilir.

Qəzet qeyd edir ki, beynəlxalq hüquqi standartlar xarici gəminin yoxlanılması zamanı dövlət üçün “yüksək hüquqi hədd” müəyyən edir. Bu qaydalara əsasən, rəsmi şəxslər hər bir saxlanılma və ya yoxlama əməliyyatı üçün aydın hüquqi əsas təqdim etməlidirlər.

Eyni zamanda, İngiltərə və Uelsin baş prokuroru Riçard Hermer hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirən rəy hazırlayıb. Nəşrin yazdığına görə, bu sənədə əsasən, Britaniyanın xüsusi təyinatlı qüvvələri və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) əməkdaşları yoxlamalar aparmaq üçün Rusiya gəmilərinə minmək hüququna malikdirlər.

Rusiyanın Londondakı səfiri Andrey Kelin aprelin 5-də bildirib ki, Moskva Rusiya gəmilərinə qarşı aqressiv addımlara görə Böyük Britaniyaya cavab verəcək. Londona Rusiya gəmilərinə qarşı tətbiq etdiyi çoxsaylı məhdudiyyətlərin nəticələri barədə düşünmək tövsiyə olunub.