Buçada qətliam...

Şəhərdə öldürülən mülki şəxslərin görüntüləri sarsıdıcıdır

"Rusiya özünü nə qədər təmizə çıxarmağa, əməllərini inkar etməyə çalışsa da, törətdiyi dəhşətli cinayətlərin məsuliyyətindən boyun qaçıra bilməyəcək"

Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya hərbçilərindən azad ediblər. İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələri nəzarətə götürülüb. Azad edilmiş ərazilərdə xeyli ukraynalı mülki şəxslərin meyitləri aşkarlanıb. Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Buça, İrpen, Qostomeldə insanlığa qarşı tam təsvirolunmaz dəhşətli hadisələr baş verib. Yüzlərlə, minlərlə dinc Ukrayna vətəndaşı xüsusi vəhşiliklə öldürülüb. 

Prezident Vladimir Zelenski Almaniyanın keçmiş kansleri Angela Merkeli və Fransanın sabiq prezidenti Nikola Sarkozini Buçaya səfər etməyə və 14 ildə Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edib. O, bu barədə videomüraciətində deyib: “Avropada İkinci Dünya müharibəsindən bəri ən dəhşətli müharibədə həyat uğrunda mübarizə aparırıq. Mən xanım Merkel və cənab Sarkozini Buçaya səfər etməyə və 14 il ərzində Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edirəm. İşgəncələrə məruz qalan ukraynalıları və ukraynalı qadınları öz gözləri ilə görmək üçün”. 

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya hərbçilərindən azad edilmiş Buşa şəhərində mülki insanların öldürülməsini pisləyib. Makron deyib ki, Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq: “Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir. Küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb. Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”. BMT baş katibi Antoniu Quttereş də Buça şəhərində öldürülən mülki şəxslərin görüntülərindən sarsıldığını deyib. 

Polşa Prezidenti Andjey Duda bəyan edib ki, rus ordusunun Buçada ukraynalıları qətlə yetirməsi təcavüzkarla kompromisə getməyi mümkünsüz edir: “Cinayətkarlar cinayətkar adlandırılmalı, mühakimə olunmalıdır. Buçadan olan fotolar nəyin bahasına olursa olsun, kompromis axtarmaq lazım olduğu inamını təkzib edir. Əslində, Ukrayna müdafiəçilərinə ilk növbədə üç şey lazımdır: silah, silah və yenə də silah”. 

Rusiya isə Qərbin ittihamlarını təkzib edib. Xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Buça küçələrində tamaşa göstərirlər. Onun sözlərinə görə, Buça şəhərindən rus əsgərlərinin plan üzrə çıxmasından sonra yeni saxta hücum həyata keçirilib: “Orada rus əsgərləri getdikdən bir neçə gün sonra Ukrayna nümayəndələri və onların Qərb himayədarları tərəfindən quraşdırılan səhnə bütün kanallar və sosial şəbəkələrdə yayılıb. Rus əsgərləri martın 30-da bu şəhəri tamamilə tərk etdilər və martın 31-də mer dedi ki, hər şey yaxşıdır. Amma iki gün sonra gördük ki, hazırda antirusiya məqsədləri üçün istifadə etməyə çalışdıqları bu tamaşanı küçələrdə səhnəyə qoyublar”. 

Politoloq Əhəd Məmmədli bildirib ki, Ukraynadakı qətliamlar Rusiyanın iç üzünü açacaq. Analitik bildirib ki, Ukraynanın əlində qətliama və təcavüzə dair fotofaktlar, video-görüntülər var: 

“Rusiya özünü nə qədər təmizə çıxarmağa, əməllərini inkar etməyə çalışsa da, törətdiyi dəhşətli cinayətlərin məsuliyyətindən boyun qaçıra bilməyəcək. Bunların ortaya çıxması Rusiyanın işğalçılıq siyasətinin və insanlığa yaraşmayan hərəkətlərinin ifşasıdır. Ukraynaya dəstək çıxan və Rusiyanın qarşısına olan Qərb ölkələri media və sosial şəbəkələr, o cümlədən beynəlxalq təşkilatlar müstəvisində rusların çirkin üzünü dünya ictimaiyyətinə çatdırmağa çalışacaqlar. 

Xocalı soyqırımını kimlərin həyata keçirdiyi hamıya məlumdur. Əlimizdə o qədər dəlil-sübut olmasına baxmayaraq, mülki insanların, uşaq və qadınların qətlinə görə soyqırımda iştirak etmiş rus əsgərlərin cəzalandırılmasına nail ola bilməmişik.

 Böyük ehtimal indi də birbaşa cəzalandırılma mümkün olmayacaq. Sadəcə Rusiyaya qarşı hərtərəfli sanksiyaları çoxaldacaqlar. Əgər nə vaxtsa Rusiyada hakimiyyət dəyişərsə və Qərblə anlaşma olarsa, o zaman qatil rus əsgərlərinin cəzalanmasından danışmaq olar. 

İndiki halda Moskva bunda qətiyyən maraqlı deyil və qətlləri inkar edir. Qərbin də əlində hansısa təsir rıçaqları yoxdur”.