Dr. Burcu Dəmir: Münaqişənin dərinləşməsi regionda vəkalət müharibələrini yenidən alovlandıra bilər

"Əks təqdirdə, baş verəcək hər yeni böhran təkcə region ölkələrini deyil, həm də qlobal siyasi və iqtisadi sistemi dərindən təsir altına alacaq"

İranın Qətər, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyaya qarşı həyata keçirdiyi hücumlar Yaxın Şərqdə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. 

Beynəlxalq Münasibətlər və Siyasət üzrə Mütəxəssis Dr. Burcu Dəmir Sherg.az-a İranın Körfəz ölkələrinə qarşı mümkün hücumlarının Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını daha da sarsıtmaq potensialına malik olduğunu bildirib: 

"Belə bir inkişaf təkcə regional sabitliyi deyil, həm də enerji təchizatının təhlükəsizliyini, qlobal ticarəti və diplomatik münasibətləri mənfi təsir altına ala bilər. Hərbi gərginliyin artması əvəzinə dialoq və diplomatik həll yollarına üstünlük verilməsi həm region ölkələrinin, həm də beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğundur. Davamlı sülhün təmin oluna bilməsi üçün tərəflərin təmkinli davranması və beynəlxalq hüquqa uyğun hərəkət etməsi böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, münaqişənin dərinləşməsi regionda vəkalət müharibələrinin yenidən alovlanmasına və yeni humanitar böhranların yaranmasına zəmin hazırlaya bilər". 

Analitik vurğulaylb ki, belə bir proses diplomatik həll mexanizmlərinin zəifləməsinə və regional qütbləşmənin daha da artmasına səbəb ola bilər:

"Hərbi üsullar əvəzinə dialoqun, beynəlxalq hüququn və çoxtərəfli diplomatiya mexanizmlərinin səmərəli şəkildə işlədilməsi olduqca vacibdir. Davamlı sülh və sabitliyin təmin olunması üçün bütün tərəflərin gərginliyi artıracaq addımlardan çəkinməsi, diplomatik təşəbbüslərə üstünlük verməsi və regional təhlükəsizliyi ortaq məsuliyyət kimi qiymətləndirməsi zəruridir. Əks təqdirdə, baş verəcək hər yeni böhran təkcə region ölkələrini deyil, həm də qlobal siyasi və iqtisadi sistemi dərindən təsir altına alacaq".