Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı

Ermənistanda yerli seçkilərə günlər qalmış siyasi gərginlik artır. Müxalifətdəki “Güclü Ermənistan” partiyasının tərəfdarlarının saxlanıldığı, partiyanın fəaliyyəti ilə bağlı axtarışların aparıldığı bildirilir.

Sherg.az xəbər verir ki, oktyabrın 21-də Stepanavanda 14 nəfər saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Qurum saxlanılmaları təsdiqləyib və cinayət işi çərçivəsində axtarışlar da daxil olmaqla digər prosessual tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Bundan əvvəl “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan Stepanavanda partiya tərəfdarlarına qarşı genişmiqyaslı axtarış və saxlanılmaların aparıldığını bildirmişdi.

Qeyd edək ki, Stepanavanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək. Məlumata görə, bu icma müxalifət partiyasının öz namizədini irəli sürdüyü yeganə ərazidir.

Ermənistanın baş naziri Nikol Paşinyan son iki gündə vətəndaşları seçkilər zamanı təzyiq və rüşvət halları barədə birbaşa ona məlumat verməyə çağırıb. Gevorgyan isə Stepanavanda bəzi müəssisələrdə əməkdaşların siyasi motivlərlə işdən çıxarıldığını iddia edib.

Paşinyan bu məlumatların yoxlanılmasını tapşırıb və işdən çıxarılmaların səbəbləri ilə bağlı açıqlamalar yayıb. Siyasətçilər və ekspertlər isə onun bu addımlarını seçkilər ərəfəsində mümkün repressiyalara hazırlıq kimi qiymətləndiriblər.

Hazırda saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar barədə əlavə məlumat açıqlanmayıb.