İsrail həbsxanalarında bir müddət saxlanılan fələstinli jurnalist, həbsdə olduğu dövrdə bir qrup israilli nəzarətçi tərəfindən cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Sherg.az xəbər verir ki, jurnalist yaşadıqlarını təfərrüatları ilə danışıb.
Jurnalist Sami əs-Sai 2024-cü ilin fevralından 2025-ci ilin iyununa qədər davam edən inzibati həbs müddətində başına gələnləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində Media Azadlıqları Mərkəzinin (MADA) təşkil etdiyi toplantıda dilə gətirib.
Jurnalist Sai bildirib ki, İsraildəki Megiddo həbsxanasında əlləri qandallı, gözləri bağlı vəziyyətdə olarkən bir qrup nəzarətçi əvvəlcə onu ağır şəkildə döyüb, daha sonra isə bir cisimlə cinsi zorakılıq tətbiq edib.
İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərim şəhərindən olan Sai hadisə zamanı həssas nahiyələrinə şiddət göstərildiyini, nəzarətçilərdən birinin isə onun başı və boynu üzərinə basdığını qeyd edib.
Fələstinli jurnalist verdiyi açıqlamada İsrail həbsxanalarındakı məhbusların döyülmə, ac saxlanılma, hədələmə və tibbi laqeydlik də daxil olmaqla “fəlakət miqyasında” bir vəziyyətlə üz-üzə qaldıqlarına diqqət çəkib.
Fələstinli və israilli insan haqları hesabatlarına görə, İsrail həbsxanalarında uşaqlar və qadınlar da daxil olmaqla 9 min 300-dən çox fələstinli saxlanılır.
İsrail həbsxanaları tez-tez işgəncə, ac saxlanılma və tibbi səhlənkarlıq nəticəsində baş verən ölümlərlə gündəmə gəlir.