Finlandiyanın baş naziri Trampın təhdidlərinə istehzalı cavab verib

ABŞ prezidenti Donald Tramp aqressiv ritorikaya öyrəşib, lakin onun NATO ilə bağlı Avropadan qoşunların çıxarılması barədə təhdidləri ciddi qəbul edilməməlidir.

Sherg.az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo NATO-nun baş katibi Mark Rüttenin Vaşinqtona səfərini şərh edərkən bildirib. Onun sözlərini Finlandiyanın "İltalehti" qəzeti sitat gətirib.

“Son bir il ərzində biz bunu dəfələrlə müşahidə etmişik: Trampın çıxışları həqiqətən sərtdir, onun təhdidləri də elədir”, - deyə siyasətçi istehzalı şəkildə qeyd edib.

Onun sözlərinə görə, ABŞ artıq uzun müddətdir Avropanın müdafiəsinə yanaşmanı yenidən nəzərdən keçirməklə hədələyir, buna görə də Trampın bəyanatları xüsusi bir yenilik deyil.

“Bu fikir ABŞ-ın təhlükəsizlik strategiyasında mövcuddur. Eyni zamanda, ABŞ-ın Avropada qalmaqda böyük marağı var”, - deyə o bildirib və xatırladıb ki, NATO-dan çıxmaq barədə qərarı yalnız ABŞ Konqresi verə bilər.

Rüttenin Tramp ilə görüşü çərşənbə axşamı axşam saatlarında baş tutub. ABŞ prezidenti görüşdən sonra bildirib ki, lazım gəldikdə NATO-nun ABŞ-a yenidən kömək etməyəcəyinə inanır. Rütte isə Trampın NATO ilə bağlı məyusluğunu açıq şəkildə hiss etdiyini deyib.

Həmin gün daha əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bildirmişdi ki, ABŞ prezidenti onunla çox açıq və birbaşa söhbət aparmaq niyyətindədir. O əlavə edib ki, alyans İranla qarşıdurmada ABŞ-a qoşulmaqdan imtina etməklə Trampın “sınağından keçə bilməyib”.

"The Wall Street Journal" qəzeti ABŞ administrasiyasındakı rəsmilərə istinadən yazıb ki, Vaşinqton İran münaqişəsi ilə bağlı mövqelərinə görə NATO-nun bəzi üzvlərini “cəzalandırmaq” planını nəzərdən keçirir. Bu planlara alyansın bəzi ölkələrindən ABŞ qoşunlarının mümkün çıxarılması da daxildir.