Fransada etirazla qarşılanan pensiya islahatının icrası təxirə salınıb

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatının 2027-ci ilə qədər dayandırılması ilə bağlı düzəlişi qəbul ediblər.

"Report"un məlumatına görə, bu, səsvermənin nəticələrindən aydın olub.

"Düzəliş qəbul edildi", – deyə assambleyanın saytında yayımlanan iclasda aşağı palatanın spikeri Yael Braun-Pive bildirib. Layihənin lehinə 255 deputat səs verib, 146 nəfər isə əleyhinə çıxış edib. Ümumilikdə səsvermədə 505 deputat iştirak edib, onlardan 104-ü bitərəf qalıb. Beləliklə, Fransa dünyada müvəqqəti olaraq pensiya yaşının artırılmasından imtina edən ilk ölkə olub.

Bundan əvvəl Sebastyen Lekornunun hökuməti Sosialist Partiyasına güzəştə gedərək 2023-cü ildə qəbul edilmiş və pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qeyri-populyar pensiya islahatının dayandırılması ilə bağlı düzəlişi parlamentə səsverməyə çıxarmağa razı olub. Sosialistlər isə cavab olaraq parlamentdə etimadsızlıq qətnaməsini dəstəkləməyiblər ki, bu da Lekornu hökumətinin mövqeyini qoruyub saxlamasına imkan verib.