- "Bu gün ABŞ edərsə, sabah hamı edəcək"
- "Trampın planı beynəlxalq maliyyə sistemini çökdürə bilər"
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş aktivləri ilə bağlı bəyanatına münasibət bildirib.
Əraqçi sosial şəbəkə hesabında yazıb ki, bir ölkənin aktivlərinin gələcəkdə irəli sürülə biləcək və birbaşa əlaqəsi olmayan tələblərin ödənilməsi məqsədilə dondurulması təhlükəli presedent yaradır.
Nazir bildirib ki, belə addımdan faydalanacağını düşünənlər nəzərə almalıdırlar ki, hökumətlər başqalarına məxsus əmlakın müsadirəsini adi praktikaya çevirərsə, heç bir dövlətin aktivləri artıq təhlükəsizlik və toxunulmazlıq zəmanətinə malik olmayacaq.
Əraqçinin sözlərinə görə, bunun nəticəsində yarana biləcək xaos və sabitsizlik nə dövlətlərin, nə də beynəlxalq sülhün maraqlarına xidmət edəcək.
Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a dondurulmuş aktivlərlə bağlı hər iki ölkənin yanaşmasından və mümkün nəticələrdən danışıb:
"Tramp açıq şəkildə bildirib ki, gəmilərə və ya yüklərə zərər dəyərsə, bunun əvəzi Amerikada dondurulmuş İran aktivləri hesabına ödəniləcək. Yəni demək istəyir ki, "onlar bizim mallarımıza toxunsalar, biz də Amerikadakı İran aktivləri ilə buna cavab verəcəyik".
İranın xarici işlər naziri Abbas Əraqçi isə buna cavab olaraq bildirib ki, bu, "təhlükəli əmsal" yaradar və nəticədə heç bir dövlətin xaricdəki aktivləri təhlükəsizlikdə olmaz. Onun fikrincə, belə bir yanaşma normaya çevrilərsə, heç bir ölkə ABŞ-yə rahat şəkildə sərmayə qoymağa cəsarət etməz.
Əraqçının arqumenti beynəlxalq hüquq baxımından müəyyən əsaslara söykənir. Dövlət aktivlərinin toxunulmazlığı məsələsində ənənəvi yanaşmaya görə, xüsusilə dövlətlərin xaricdəki mərkəzi bank aktivləri suveren toxunulmazlıq prinsipi ilə qorunur. ABŞ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsini müzakirə edərkən də eyni hüquqi mübahisələr gündəmə gəlmişdi".
Analitik bu cür addımların normallaşdığı təqdirdə gələcəkdə istənilən dövlətin "mənim vətəndaşım zərər görüb" arqumenti ilə başqa bir ölkənin aktivlərinə əl qoya biləcəyini vurğulayıb:
"Belə bir praktikanın normaya çevrilməsi başqa dövlətlər üçün də presedent yarada bilər. Bu gün ABŞ bunu edərsə, sabah digər ölkələr də "bizim maraqlarımıza zərər vuruldu" arqumenti ilə ABŞ-yə və ya başqa dövlətlərə məxsus aktivləri müsadirə etməyə cəhd göstərə bilərlər. Belə bir inkişafın nəticələri ABŞ üçün də ciddi fəsadlar doğura bilər. Bu, beynəlxalq maliyyə sistemində etimadı ciddi şəkildə sarsıdar.
Başqa sözlə, bunun normallaşması bir dövlətin digər dövlətin ərazisində yerləşən sərmayəsini mənimsəməsinin və ya müsadirə etməsinin yolunu aça bilər. Bu baxımdan Əraqçinın mümkün xaos və qeyri-sabitliklə bağlı xəbərdarlığını mübaliğə hesab etmək çətindir.
Maliyyə dünyasında əsas narahatlıqlardan biri siyasi motivlərlə aktivlərin müsadirə edilməsi riskidir. Xarici ölkəyə sərmayə qoyan investor üçün ən böyük təhlükələrdən biri məhz sərmayəsinin siyasi qərarların qurbanına çevrilməsidir.
Trampın yanaşmasının əsas məntiqi isə çəkindiricilik və kompensasiyadır. Məqsəd odur ki, "bizim mallarımıza zərər vurmayın, əks halda bunun maliyyə nəticələri olacaq" mesajı verilsin.
Bununla yanaşı, gəmilərə hücum olacağı təqdirdə İranı birbaşa məsuliyyət daşıyan tərəf kimi göstərmək və dondurulmuş aktivlər hesabına zərərin ödənilməsini təmin etmək niyyəti ortaya qoyulur. Məntiq belə təqdim olunur ki, bu aktivlər onsuz da sanksiyalar səbəbindən istifadə edilə bilmir, elə isə zərərçəkənlərin kompensasiyası üçün istifadə olunsun. Eyni zamanda bu, İrana "hücum etsən, pulunu itirəcəksən" mesajı vermək məqsədi daşıyır".
Müsahibimiz qeyd edib ki, bu cür bəyanatlar beynəlxalq münasibətləri daha qaydasız bir dünya nizamına yaxınlaşdırar:
"Dövlətlər mövcud hüquqi mexanizmləri kənara qoyaraq birtərəfli qaydada sanksiya xarakterli addımlar atırlar. Bu, xüsusilə nüvə danışıqlarının davam etdiyi və qlobal iqtisadi risklərin yüksək olduğu bir dövrdə beynəlxalq sabitlik üçün əhəmiyyətli risklər yaradır".