İngiltərənin Baş naziri Endi Börnhəm İngiltərə və Uelsdə müşahidələr tarixində ən quraq iyul ayından sonra quraqlıqdan zərər çəkən fermerlər üçün 65 milyon funt sterlinq (88 milyon dollar) məbləğində əlavə dəstək paketini təsdiqlədiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Börnhəm sosial media hesabında etdiyi paylaşımda bildirib:
“Bu gün quraqlıq dövründə fermerlərə dəstək olmaq və qarşıdakı yaylara hazırlaşmaq üçün daha 65 milyon funt sterlinq ayırırıq. Onlar dəyişən iqlimin ən ön cəbhəsindədirlər və bu problemlə təkbaşına üzləşmək məcburiyyətində qalmamalıdırlar”.
Ərzaq istehsalının ölkə üçün strateji əhəmiyyət daşıdığına diqqət çəkən Börnhəm deyib:
“Öz ərzağımızı istehsal etmək imkanımız milli təhlükəsizlik məsələsidir. Mən də bu məsələyə məhz belə yanaşacağam”.
Hökumətin ayıracağı əlavə vəsait hesabına dayanıqlı kənd təsərrüfatına yönəlmiş təşviq proqramının gücləndirilməsi, fermerlərin su anbarları inşa etməsinin asanlaşdırılması və quraqlıq dövrlərində suya çıxış imkanlarının yaxşılaşdırılması nəzərdə tutulur.
Bu ayın əvvəlində yayımlanan təhlilə görə, Britaniyada taxıl məhsullarının yığımı müqayisə edilə bilən statistik məlumatların aparılmağa başlandığı 1984-cü ildən bəri ən aşağı səviyyəyə doğru gedir.