İran ABŞ-la iyunun 30-na planlaşdırılan görüş barədə məlumatı təkzib etdi

İran Xarici İşlər Nazirliyi ABŞ ilə iyunun 30-da Dohada keçiriləcəyi iddia olunan məsləhətləşmələr barədə xəbərləri təkzib edib.

Nazirliyin açıqlamasında bildirilib ki, tərəflər texniki danışıqların keçiriləcəyi yer və vaxtla bağlı hələ razılığa gəlməyiblər.

Sherg.az xəbər verir ki, bundan əvvəl Axios nəşri ABŞ və İran nümayəndələrinin Hörmüz boğazı ilə bağlı məsələləri müzakirə etmək üçün iyunun 30-da Dohada görüş keçirməyi planlaşdırdıqlarını yazmışdı.

İran XİN vurğulayıb ki, danışıqların təşkili ilə bağlı yekun qərar qəbul olunmayıb.

Qeyd edək ki, İran və ABŞ arasında əldə olunduğu bildirilən memorandumda hərbi gərginliyin dayandırılması, dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası və İranın nüvə proqramı üzrə ayrıca danışıqların aparılması nəzərdə tutulur. Tehran bu prosesin nəticəsində İrana qarşı tətbiq edilən sanksiyaların ləğv olunacağını gözləyir.