İran tərəfindən İsrailin mərkəzi hissəsinə və Qüds (Yerusəlim) bölgəsinə ballistik raketlərlə zərbələr endirilib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (İDF) məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun hava hücumundan müdafiə sistemləri qısa müddət ərzində İrandan atılan iki ayrı raket dalğasını qeydə alıb. Hücumların əsasən ölkənin mərkəzi rayonlarını və Qüds ətrafını hədəf aldığı bildirilir. Yaxın dəqiqələrdə həmin ərazilərdə həyəcan siqnallarının veriləcəyi gözlənilir.
İranın son ballistik raket hücumu zamanı havada zərərsizləşdirilən raketlərin qəlpələri Rehovot şəhərində yaşayış evinin üzərinə düşüb. Polis və xilasetmə xidmətlərinin verdiyi ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, lakin evə ciddi maddi ziyan dəyib.
Sosial şəbəkələrdə və mediada paylaşılan görüntülərdə raket parçalarından birinin evin qonaq otağına düşdüyü əks olunub. Hazırda hadisə yerində xüsusi xidmət orqanları araşdırma aparır.
İsrail ordusu əhalini sığınacaqlara yaxın durmağa və Daxili Cəbhə Komandanlığının təlimatlarına ciddi əməl etməyə çağırıb.
***
10:32
İrandan İsrail ərazisinə doğru raketlər atılıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İDF) yaydığı təcili bəyanatda bildirilir.
Məlumata görə, bir müddət əvvəl İran ərazisindən buraxılan raketlər İsrail tərəfindən müəyyən edilib. Hazırda ölkənin hava hücumundan müdafiə sistemləri təhlükəni dəf etmək və raketləri zərərsizləşdirmək üçün aktiv fəaliyyət göstərir.
Hazırda raket hücumunun miqyası və hədəf alınan bölgələr barədə dəqiqləşdirmələr aparılır.