İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin “məntiqsiz tələblərini” davam etdirdiyini vurğulayaraq bildirib:
“Diplomatiyanın öz qaydaları var. Qərarımız milli maraqlarımıza uyğun veriləcək və İran xalqının maraqlarını qorumağa böyük önəm verdiyini sübut edib. Hörmüz boğazına hər hansı müdaxilə prosesi daha da mürəkkəbləşdirər. Hörmüz boğazı 28 fevraldan əvvəl açıq idi. Problemin əsas mənbəyi ABŞ və sionist rejimin aqressiv mövqeyidir. Bölgənin təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir. Xarici qüvvələrin mövcudluğuna əsaslanan təhlükəsizlik anlayışı yalnız etimadsızlığı dərinləşdirir və bölgəmizə heç bir şəkildə sabitlik gətirmir”.
Sherg.az xəbər verir ki, İran mediasının məlumatına görə, Tehran rəhbərliyi ABŞ-nin təklifini “təslimçilik diktəsi” kimi qiymətləndirdiyi üçün rədd edib.
Bildirilib ki, İranın cavabında müharibənin bütün cəbhələrdə dərhal dayandırılması, gələcəkdə İrana hücum edilməyəcəyinə dair təminat verilməsi, neft ixracına qarşı sanksiyaların 30 gün ərzində tam ləğv olunması, dəniz blokadasının sona çatdırılması və dondurulmuş İran aktivlərinin azad edilməsi kimi tələblər yer alıb.
Əl-Cəzirə kanalının xəbərində ekspert rəylərinə də yer verilib. ABŞ-nin keçmiş müdafiə nazirinin müavini Michael Mulroy bildirib ki, Vaşinqtonun qarşısında iki əsas ssenari var.
Birinci ssenari “Azadlıq Layihəsi” adlanan və Hörmüz boğazının bağlı qalmasını, İran limanlarına qarşı dəniz blokadasının davam etdirilməsini nəzərdə tutan uzunmüddətli dəniz əməliyyatıdır.
Məlumata görə, respublikaçı senator Lindsey Graham da İranın cavabını “tamamilə qəbuledilməz” adlandıraraq daha sərt yanaşmaya çağırıb.
İkinci ssenarinin isə İrandakı infrastruktur hədəflərinə qarşı hərbi zərbələr olduğu qeyd edilib. Mulroy bildirib ki, belə bir addım Tehran üzərində təzyiqi artıra bilər. Lakin İranın da bölgədəki neft və təbii qaz infrastrukturlarını hədəfə ala biləcəyi, bunun isə qlobal enerji qiymətlərini daha da yüksəldə biləcəyi vurğulanıb.
Xəbərdə həmçinin ABŞ-nin bölgədə hərbi qüvvələrini artırdığı və sursat daşınmasını gücləndirdiyi bildirilib. Bundan əlavə, 40-dan çox ölkənin Hörmüz boğazında gəmiləri müşayiət edəcək Avropa rəhbərliyində mümkün bir missiyaya dəstək məsələsini müzakirə etmək üçün bir araya gələcəyi qeyd olunub.