ABŞ-İsrail-İran qarşıdurmasının 24-cü günündə raket zərbələrində 5 günlük fasilə yarandığı elan edilib. ABŞ prezidenti Donald Tramp İranla konfedensial danışıqlar aparıldığını və bu səbəbdən də ölkənin elektrik şəbəkəsinə zərbələr endirilməməsi tapşırığı verdiyini bilirib. Danışıqlar hansı tərəfə daha faydalıdır?
Milli Cəbhə Partiyasının sədri Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ABŞ və İran arasında konfidensial danışıqlarda əsas vasitəçi ölkələr kimi Türkiyə və Səudiyyə Ərəbistanı çıxış edib. Ötən həftə Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ərəb ölkələrinin həmkarlari ilə görüş keçirib. Bu danışıqlarda İranın xarici işlər naziri Abbas Araqçi də telefon vasitəsilə iştirak edib:

- ABŞ prezidenti 48 saat ərzində Hörmüz boğazının açılması ilə bağlı ultimatum vermiş, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə İranın elektrik infrastrukturuna zərbələr endiriləcəyini bildirmişdi. İranın cavab bəyanatları isə Vaşinqtonun mövqeyinə təsir göstərib. Belə ki, Tehran İsraildə nüvə obyektlərini və körfəz ölkələrinin enerji infrastrukturunu hədəfə ala biləcəyini açıqlayıb. Bu da Ərəb ölkələri üçün ciddi elektrik şəbəkəsinin çökməsi və ABŞ regionda iqtisadi maraqlarına zərbədir. ABŞ atəşkəsə razılaşarsa, bu, İranın mövqeyini gücləndirə bilər. Vaşinqton üçün danışıqlar yalnız o halda uğurlu sayıla bilər ki, SEPAH siyasi hakimiyyətdən kənarlaşdırılsın və prezident institutuna tam səlahiyyətlər verilsin. Lakin SEPAH-ın hakimiyyətdən könüllü şəkildə geri çəkilməsi real görünmür. ABŞ alternativ variant kimi Hörmüz boğazında hərbi əməliyyatlara başlaya və azad naviqasiyanı bərpa etmək üçün hərəkrə keçə bilər. Həmçinin Xarq adasinin nəzarəti ələ ala bilər. Bu istiqamətdə addım atılacağı təqdirdə, münaqişənin ikinci mərhələsi başlaya və İranla ABŞ hərbi qüvvələri arasında birbaşa toqquşmalar baş verə bilər. Hazırda İranla danışıqlar gedirsə, bu Vaşinqtonun daha geniş eskalasiyadan çəkinməsi deməkdir. Çünki, İranın cavab addımlarını bu qədər gözlənilmirdi. İranın hərbi infrastrukturu kifayət qədər dağıdılıb. Havadan müdafiə sistemi çöküb. Buna baxmayaraq İran tarana gedir.