İraq Silahlı Qüvvələri hökumətin silahlara dövlətin nəzarətinin təmin edilməsi planının icrasının davam etdiriləcəyini növbəti dəfə təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrin baş komandanının sözçüsü Sabah ən-Numan bildirib.
O qeyd edib ki, hökumət silahların dövlətin və onun təhlükəsizlik qurumlarının qanuni çətiri altında olması üçün bu məsələnin həllində israrlıdır.
Ən-Numan vurğulayıb ki, bu məqsədlə ixtisaslaşmış komissiya yaradılıb və açıq müzakirələr aparılır: “Bu, suverenlik məsələsidir. Həmçinin məzhəbçilik məsələsinin yenidən gündəmə gətirilməsinə və qərəzli şayiələrin yayılmasına imkan verməyəcəyik”.
Xatırladaq ki, İraq Baş naziri Əli əl-Zeydi İranın proksi qüvvələri də daxil olmaqla, ölkə ərazisindəki bütün silahlı qruplaşmalardan sentyabrın 30-dək silahlarını dövlətə vermələrini tələb edib. Baş nazir qoyulan müddət çərçivəsində müvafiq tələb yerinə yetirilməyəcəyi təqdirdə dövlətin sərt üsullara əl atacağını və qarşıdurmaya hazır olduğunu açıqlayıb.