Suriyada hazırda son dərəcə kövrək və qeyri-sabit vəziyyət hökm sürür
Ankara heç bir qrupun muxtariyyət tələb etmədən bərabərlikçi unitar model əsasında yeni konstitusiyanın hazırlanmasını dəstəkləyir
Suriyada Əsəd rejiminin devrilməsindən sonra formalaşan yeni siyasi mühit sabitlikdən çox, gərginliklər yaradıb. Əhməd əş-Şəranın rəhbərlik etdiyi Suriya Mərkəzi Hökumətinin unitar dövlət qurmaq cəhdlərinə baxmayaraq, PKK-nın Suriya qolu olan SDQ martın 10-da imzalanan və ilin sonuna qədər inteqrasiyanı nəzərdə tutan razılaşmanı faktiki olaraq ləngidir. Danışıqlarda irəliləyişin olmaması, SDQ-nin müddəti 2026-cı ilin martına qədər uzatmaq cəhdləri və İsrailin dəstəyi ilə hökumət qüvvələri ilə toqquşmaları vəziyyəti daha da gərginləşdirib.
Türkiyə inteqrasiyanın ilin sonuna qədər konkret addımlarla reallaşdırılmasını tələb edir və Dəməşqlə koordinasiyada bütün variantları, o cümlədən hərbi seçimi gündəmdə saxlayır. ABŞ, İsrail və İranın dolayısı təsiri, eyni zamanda İŞİD-in yenidən fəallaşma ehtimalı Suriyanı son dərəcə kövrək və riskli mərhələyə gətirib çıxarıb.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz mövzu ilə bağlı Sherg.az-a açıqlamasında SDQ-nin, İsrail və İranın dəstəyi ilə muxtariyyət axtarışına girdiyini söyləyib:

"Əsəd rejiminin devrilməsindən sonra Suriyada müxalifətin lideri mövqeyində olan Əhməd əş-Şəranın rəhbərliyi ilə formalaşdırılan Suriya Mərkəzi Hökuməti ilə PKK-nın Suriya qolu olan SDQ-nin lideri Mazlum Kobani arasında 10 mart tarixində bir razılaşma imzalanıb. Bu razılaşmaya əsasən, 2025-ci ilin sonuna qədər SDQ Suriya Mərkəzi Hökumətinə inteqrasiya olunmalı və mərkəzi hakimiyyətin tərkibinə daxil olmalıdır. Lakin mövcud regional və beynəlxalq konyukturadan yararlanmaq istəyən SDQ-nin, İsrail və İranın dəstəyi ilə muxtariyyət axtarışına girdiyi müşahidə olunur. Mazlum Kobani və Salih Müslim kimi SDQ, PYD və YPG rəhbərləri bu mövzunu zaman-zaman açıq şəkildə dilə gətirməyə başlayıblar. Onların prosesi uzadaraq vaxt qazanmağa və muxtar idarəetmə modelinin necə qurula biləcəyini araşdırmağa çalışdıqları görünür. Buna baxmayaraq, həm Türkiyə, həm də Əhməd əş-Şəranın rəhbərlik etdiyi Suriya Mərkəzi Hökuməti SDQ-nin mümkün qədər tez inteqrasiya olunması mövzusunda israrlıdır. Türkiyə, SDQ-nin Suriyanın şimal-şərqində xüsusi bir quruluş yaradaraq bölgəni terror yuvasına çevirməsini öz milli təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirir və bunu dəfələrlə açıq şəkildə bəyan edib. Digər tərəfdən, ABŞ-nin 2026-cı il büdcəsində SDQ üçün təxminən 130 milyon dollar məbləğində maliyyə dəstəyi ayırdığını və bu vəsaitin onların bölgədəki mövcudluğunu davam etdirməsinə xidmət edəcəyini açıqlaması SDQ-ni daha da cəsarətləndirib".
Ekspert ABŞ-nin maliyyə dəstəyinin, İsrail və İranın siyasi və dolayı dəstəyi ilə birlikdə SDQ-nin özünə ayrıca bir sahə açmaq və muxtariyyətə gedən yol tapmaq cəhdlərini gücləndirdiyini söyləyib:
"Bu kontekstdə Türkiyə, SDQ-nin inteqrasiyası məsələsini yenidən müzakirə etmək üçün Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Milli Müdafiə naziri Yaşar Gülər və Xarici İşlər naziri Hakan Fidanın Şama səfər edərək Əhməd əş-Şəra ilə görüşməsini zəruri hesab edir. Bu prosesin necə inkişaf edəcəyini isə zaman göstərəcək. Mazlum Kobaninin 10 mart 2025-ci ilədək prosesi uzadaraq vaxt qazanmağa çalışdığı açıq şəkildə hiss olunur. Bununla yanaşı, SDQ-nin öz silahlı qüvvələri ilə birlikdə üç diviziya şəklində Suriya ordusunun tərkibində yer alacaqlarını bəyan etdikləri də mediada tez-tez səsləndirilir. Bu isə faktiki olaraq “iki ordulu” Suriya modelinə gətirib çıxarır ki, bu da yaxın gələcəkdə ölkədə yeni daxili müharibə və Suriyanın bölünməsi riskini artırır. Türkiyə bu təhlükəni dəfələrlə gündəmə gətirib. Əgər qarşıdakı günlərdə SDG rəhbərliyi inteqrasiya məsələsində yenidən mənfi açıqlamalar verməyə başlasa, Türkiyənin hərbi quru əməliyyatını seçimlər sırasında saxladığı da nəzərə alınmalıdır. Bu səbəbdən Suriyada hazırda son dərəcə kövrək və qeyri-sabit vəziyyət hökm sürür. Hətta bu gecə Suriya Mərkəzi Hökuməti ilə SDQ arasında silahlı toqquşmaların baş verdiyinə dair məlumatlar da yayılıb.
Politoloq Mazlum Kobaninin rəhbərliyindəki SDQ-nin hər fürsətdən istifadə edərək bölgədə öz varlığını və gücünü nümayiş etdirməyə çalışdığını deyib:
"Paralel olaraq İsrail də Suriyanın cənubunda özünə təsir sahəsi yaratmaq cəhdlərini artırır. Xüsusilə druz icmaları və İsrailə yaxın druz tayfaları vasitəsilə Suriyanın cənubunda psixoloji və siyasi mövcudluğunu gücləndirməyə, eyni zamanda Suriya hökumətinə mesaj göndərməyə çalışdığı müşahidə olunur. Türkiyə isə Suriyada unitar dövlət quruluşunun qorunmasını, etnik, məzhəbi və dini baxımdan bütün qrupların konstitusiyada bərabər şəkildə təmsil olunmasını istəyir. Rəsmi Ankara heç bir qrupun muxtariyyət və ya xüsusi hüquq tələbi irəli sürmədən, bərabərlikçi unitar model əsasında yeni konstitusiyanın hazırlanmasını dəstəkləyir. Bu istiqamətdə Türkiyə Əhməd əş-Şəra rəhbərliyinə də ciddi siyasi dəstək verir. Eyni zamanda mövcud qarışıqlıqdan faydalanan İŞİD-in də Suriyada yenidən fəallaşmağa çalışdığı müşahidə olunur. ABŞ, İsrail və İranın İŞİD-i bölgədə dolayısı ilə aktiv saxlayaraq SDQ-nin “İŞİD-lə mübarizə aparır” görüntüsü altında ona üstünlük qazandırmağa çalışdığına dair iddialar mövcuddur. Bu baxımdan İŞİD-in bölgədə paramilitar və proksi qüvvə kimi istifadə edildiyi ehtimalı gündəmə gəlir".
Siyasətçi Suriyada vəziyyətin stabilləşəcəyi deyilən bir mərhələdə İŞİD-in yenidən meydana çıxmasının ciddi suallar doğurduğunu vurğulayıb:
"Bu, göstərir ki, İŞİD kimin nəzarətindədirsə, onun maraqlarına xidmət edir. Türkiyə Suriyadakı hadisələri çox yaxından izləyir. O, Suriyanın bölünməsinə və ya muxtar quruluşların yaradılmasına qəti şəkildə icazə verməyəcəyini ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək".