Politoloq: Kiyevin maliyyələşməsi davam edəcək

Çünki Ukraynanın məğlubiyyəti birbaşa Avropanın məğlubiyyəti demək olar

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi dünya siyasətinə və iqtisadiyyatına böyük təsir göstərib. Analitiklər bildirirlər ki, gələn il müharibə Kiyev üçün son dərəcə çətin şərtlərlə davam edə bilər. “Politico”nun analitiki Ceymi Dettmerin fikrincə, bu, Avropa İttifaqının Ukraynanın maliyyə dayanıqlığını təmin etmək üçün Rusiyanın dondurulmuş 210 milyard avroluq aktivindən istifadə barədə razılığa gələ bilməməsi ilə bağlıdır. Belçika banklarında bu məqsədlə nəzərdə tutulan “reparasiya krediti” iflas edib. Qeyd edilir ki, Aİ Ukraynaya büdcəsindən 90 milyard avro ayırsa da, bu, müharibəni uzun müddət maliyyələşdirmək üçün kifayət etməyəcək.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Avropa İttifaqının Rusiya-Ukrayna arasında sövdələşmələri pozduğunu söyləyib:

"Rusiya-Ukrayna müharibəsi ilə bağlı müəyyən proqnozlar verildi. Amma görürük ki, bu iki dövlətin arasında müəyyən sövdələşmələri pozan əsas tərəf Avropa İttifaqıdır. Avropa İttifaqının maliyyə dayanıqlığı var, sadəcə olaraq Rusiyanın aktivlərindən istifadə etməyə çalışırlar. Düşünmürəm ki, bu vəziyyət Ukrayna üçün çətin olar. Əksinə, Rusiya üçün daha çətindir. Çünki Ural markalı neftin qiyməti kifayət qədər aşağı düşüb və Ukrayna Rusiya əleyhinə hərbi əməliyyatları genişləndirir. Eyni zamanda, Kiyevin irəlləməsinin qarşısını almağa çalışan Rusiyaya Avropa İttifaqı hərbi, siyasi, iqtisadi və lojistik dəstəyi ilə cavab verir. 90 milyard dollar kiçik məbləğ deyil, kifayət qədər böyükdür. Üstəlik, növbəti mərhələdə Kanada, Böyük Britaniya, Avstraliya və digər ölkələr də əlavə maliyyə ayıracaq. Hətta ABŞ özü də Kiyevə 8 milyard dollar ayırıb".

Politoloq Kiyevin maliyyələşməsinin davam edəcəyini bildirib:

"Ukrayna ilə bağlı pessimist mövqedə olanlar sadəcə bəzi siyasətçilərin mövqeyini nəzərə alırlar. Məsələn, Macarıstan, Slovakiya və Çexiyada bəzi siyasətçilərin yanaşması və mətbuat bu barədə məlumat verir. Kiyevin maliyyələşməsi davam edəcək. Çünki Ukraynanın məğlubiyyəti birbaşa Avropanın məğlubiyyəti demək olar".