İsrail Cənubi Livanda "Hizbullah"ın strateji hədəflərini vurdu

İsrail Müdafiə Ordusunun (SAXAL) 36-cı diviziyası Cənubi Livanın strateji əhəmiyyətli nöqtələrində hədəf yönümlü quru əməliyyatlarını davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həyata keçirilən dəqiq əməliyyat tədbirləri zamanı İsrail qüvvələri üçün birbaşa təhlükə yaradan 10-dan çox "Hizbullah" üzvü zərərsizləşdirilib. Eyni zamanda, SAXAL bölmələri "Hizbullah"ın bir neçə hərbi strukturuna reydlər təşkil edərək, qruplaşmanın mühüm mövqelərini sıradan çıxarıblar.

Əməliyyatlar zamanı "Hizbullah" üzvlərinin toplaşma məntəqəsi kimi istifadə etdiyi bina müəyyən edilib. Sözügedən ərazidə aparılan axtarışlar nəticəsində çox sayda silah-sursat ələ keçirilib.

İsrail ordusunun bəyanatında vurğulanır ki, bu əməliyyatlar "Hizbullah"ın İran rejiminin adından İsrailə qarşı həyata keçirdiyi qəsdən hücumlara cavabdır. Qeyd olunub ki, ordu İsrailin mülki əhalisinə yönələn təhdidləri tamamilə aradan qaldırmaq üçün qətiyyətli fəaliyyətini davam etdirəcək.