İsraildə Türkiyə ilə mümkün hərbi qarşıdurmanın nəticələri, o cümlədən belə bir vəziyyətdə NATO-nun müdaxilə edib-etməyəcəyi araşdırılıb.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin “İsrail Hayom” nəşri yazıb.
Nəşrin məlumatına görə, İsrail NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin necə işlədiyini və hansı hallarda tətbiq oluna biləcəyini öyrənib.
Məqalədə bildirilir ki, Türkiyənin NATO üzvü olması onun ölkə xaricində yerləşdirilən hərbi qüvvələrinin avtomatik olaraq NATO-nun kollektiv müdafiəsi altında olması anlamına gəlmir.
“İsrail Hayom” xüsusilə Suriyada yerləşdirilə biləcək Türkiyə hərbçilərinə diqqət çəkir. Nəşrin təhlilinə görə, İsrailin Suriyadakı Türkiyə qüvvələrinə mümkün zərbəsi NATO-nun avtomatik şəkildə münaqişəyə qoşulması ilə nəticələnməyə bilər. Eyni zamanda, Aralıq dənizində fəaliyyət göstərən Türkiyə hərbi gəmiləri və təyyarələri ilə bağlı hüquqi vəziyyətin fərqli ola biləcəyi qeyd olunur.
Nəşr yazır ki, Türkiyə hərbçilərinin Suriyada yerləşdirilməsi İsrail üçün mümkün zərbələrin qiymətini ciddi şəkildə artıracaq. Belə vəziyyətdə Türkiyə hərbçiləri arasında itkilər, Ankaranın cavab zərbəsi, ABŞ-nin müdaxiləsi və NATO üzvü ilə birbaşa qarşıdurma riski yarana bilər.
Məsələ İsrailin avqustun 18-də Suriyanın İdlib bölgəsindəki Əbu əz-Zuhur aviabazasına endirdiyi zərbələrdən sonra daha da aktuallaşıb. İsrail sonradan hücumu rəsmən təsdiqləyərək Suriyanın həmin bazada Türkiyə qüvvələrinin yerləşdirilməsinə imkan verməyə hazırlaşdığını bildirib. Ankara isə belə bir yerləşdirmənin planlaşdırıldığını təkzib edib.
“İsrail Hayom”un yazdığına görə, İsrail Türkiyə hərbçiləri bazaya gəlməmişdən əvvəl infrastrukturu sıradan çıxarmaq xətti seçib. Nəşr hesab edir ki, Türkiyə qüvvələrinin bölgəyə yerləşdirilməsindən sonra hər hansı yeni zərbə Ankara ilə birbaşa hərbi qarşıdurma riskini kəskin şəkildə yüksəldə bilər.