Kim Çen In qızı ilə birlikdə yeni hərbi texnikanı sınaqdan keçirib

Şimali Koreya (KXDR) raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını "yüz faiz effektivliklə" bloklamaq qabiliyyətinə malik olan yeni əsas döyüş tanklarını təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən məlumat yayıb.

KXDR lideri Kim Çen In qızı Kim Çjue ilə birlikdə yeni tankların iştirak etdiyi və düşmən müdafiə xətlərinə hücum ssenarilərini imitasiya edən hərbi təlimlərə rəhbərlik edib. Rəsmi Pxenyanın iddiasına görə, təlimlər zamanı tank müxtəlif istiqamətlərdən atılan bütün tank əleyhinə raketləri və dronları uğurla zərərsizləşdirib.

Kim Çen In bildirib ki, bu texnikanın hazırlanması yeddi il çəkib və o, ölkə ordusunun modernləşdirilməsində əsas rol oynayacaq.

Təlimlərdən yayımlanan fotolarda Kim Çen Inın qızı ilə birlikdə tankda olduğu görünür. Cənubi Koreya kəşfiyyat xidmətləri hesab edir ki, bu, Kim Çjuenin növbəti lider postuna hazırlanmasının tərkib hissəsidir. Ekspertlər qeyd edirlər ki, gənc qız artıq sadəcə müşahidəçi deyil, həm də "döyüşçü və komandir" obrazında cəmiyyətə təqdim olunur.