ABŞ administrasiyası müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin bərpasına dəstək barədə konkret addımlardan çox, rəsmi bəyanatlar verməyi gözləyir.
Teleqraf "Politico"ya istinadən xəbər verir ki, Ağ Ev Avropa və Asiya ölkələrindən bu həftənin sonuna qədər məsələ ilə bağlı yüksək səviyyəli açıqlamalar səsləndirmələrini istəyir.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp üçün belə bəyanatlar kifayət hesab olunur, çünki onlar maliyyə bazarlarını sakitləşdirməyə kömək edir. Bildirilir ki, hazırkı mərhələdə Vaşinqton müttəfiqlərin konkret əməli fəaliyyətindən daha az narahatdır.
Məqalədə vurğulanır ki, ABŞ administrasiyası Yaxın Şərqdəki vəziyyət fonunda bazarların reaksiyasına xüsusi diqqət yetirir. Bu baxımdan, hətta sadə dəstək bəyanatları belə investorların narahatlığını azaltmağa xidmət edə bilər.
Qeyd edək ki, daha əvvəl ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra regionda gərginlik artıb və İran Hörmüz boğazından ABŞ və müttəfiqlərinə aid neft yüklərinin keçidinə mane ola biləcəyini bəyan edib.