Livan regionda baş verən müharibə fonunda ölkəyə təyin olunmuş İran səfirini “persona-non-grata” elan edib və onu bazar gününədək ölkəni tərk etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Yusif Raci “X” sosial şəbəkəsində paylaşım edib.
"Bu gün Xarici İşlər və Miqrantlar Nazirliyinin baş katibinə göstəriş verdim ki, Livanda İranın müvəqqəti işlər vəkili çağırılsın və ona təyin edilmiş İran səfiri Məhəmməd Rza Şibani üçün aqrementin geri götürüldüyü bildirilsin. O, persona non grata elan edilsin və 29 mart tarixinədək Livan ərazisini tərk etsin", - paylaşımda deyilir.
Nazirlik həmçinin, Livanın İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Səbəb kimi Tehran tərəfindən diplomatik normaların və iki ölkə arasında mövcud praktikaların pozulduğu göstərilib.