Lixtenşteyndə taxt-taca varislik qaydası dəyişdirildi

Avropanın ən kiçik ölkələrindən biri olan Lixtenşteyndə taxt-taca varislik qaydası dəyişdirilib. İndiyədək yalnız ən böyük oğlan uşağı varis sayıldığı halda, bundan sonra cinsindən asılı olmayaraq ailənin ilk doğulan övladı taxtın varisi olacaq.

Sherg.az xəbər verir ki, Lixtenşteyn Knyazlığının rəsmi açıqlamasında bildirilib ki, varislik sistemi “kişi primogeniturasından” mütləq primogenituraya dəyişdirilir. Beləliklə, ilk doğulan uşaq gələcəkdə knyaz və ya knyazə ola biləcək.

İsveçrə ilə Avstriya arasında yerləşən ölkənin ərazisi təxminən 160 kvadrat kilometr, əhalisi isə 40 min nəfərdir. Konstitusiyalı monarxiya olan Lixtenşteyndə II Hans-Adam 1989-cu ildən dövlət başçısıdır. Onun varisi və naibi Alois isə 2004-cü ildən dövlət idarəçiliyinin böyük hissəsini həyata keçirir.

Alois bildirib ki, dəyişiklik Lixtenşteyn Knyazlığının və hakim sülalənin gələcəkdə bu məsuliyyət üçün ən uyğun şəxsin rəhbərliyinə hazırlanmasını təmin etmək məqsədi daşıyır.