Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasında çalışdığı dövrdə siyasi proseslərə həddindən artıq cəlb olunduğunu etiraf edib.
Teleqraf xəbər verir ki, Mask bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında danışıb.
Milyarder Ağ Evdə çalışdığı müddətdə mühüm qərarların qəbulunda iştirak etdiyini və bəzən proseslərə təsir göstərmək imkanı qazandığını bildirib.
“Bu, maraqlı təcrübə idi. Mühüm qərarların qəbul edildiyi anlarda Ağ Evin Oval kabinetində olurdum, bəzən baş verənlərə təsir edə bilirdim. Amma düşünürəm ki, daha çox kölgədə qalmalı və orada cəmi bir-iki ay işləməli idim. Çünki həmin müddətdə əksər məsələləri anlamaq mümkündür”, – deyə Mask bildirib.
Jurnalistin hakimiyyətə yaxınlığının onu həddindən artıq aludə edib-etmədiyi barədə sualına milyarder belə cavab verib:
“Bəli, düşünürəm ki, bu, doğrudur. Əslində, bir qədər həddimi aşmışdım”.
Qeyd edək ki, İlon Mask 2025-ci ildə bir neçə ay ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətinə rəhbərlik edib və Trampın ən yaxın ətrafında yer alıb.
Lakin sonradan tərəflər arasında münasibətlər gərginləşib. 2025-ci il iyunun 5-də Tramp və Mask sosial şəbəkələr üzərindən açıq mübahisəyə giriblər.
Daha sonra Mask ABŞ prezidentinə ünvanladığı sərt açıqlamalardan peşman olduğunu bildirib. Tramp isə aralarındakı əvvəlki fikir ayrılıqlarına baxmayaraq, Maskla münasibətlərinin yaxşı olduğunu bəyan edib.