Moskva Vaşinqtonla bir sıra mühüm məsələlər üzrə qarşılıqlı siqnallar mübadiləsini davam etdirmək niyyətindədir.
Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Norveç hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Osloda görüşünün keçiriləcəyini təsdiqləyib. ABŞ liderinin kürəkəni Cared Kuşner isə görüşə onlayn formatda qoşulacaq.
“Ümid edirik ki, yaxın vaxtlarda görüşü təşkil etmək mümkün olacaq. ABŞ-nin danışıqlar aparan nümayəndəsi, cənab Uitkoff Rusiya Prezidenti Vladimir Putinə həm ukraynalılar, həm də avropalılarla təmasları barədə məlumat verə biləcək. Həmçinin Vaşinqtonla Moskva arasında bir sıra çox mühüm məsələlər üzrə siqnallar mübadiləsi davam etdiriləcək”, - deyə Peskov jurnalistlərə bildirib.
O, Rusiyanın Ukrayna böhranının nizamlanması istiqamətində ABŞ-nin vasitəçilik səylərini yüksək qiymətləndirdiyini də vurğulayıb. Peskovun sözlərinə görə, Moskva üçün danışıqlarda Ukraynanı münaqişənin dayandırılması ilə bağlı qərarlar qəbul etməyə hazır olan legitim nümayəndənin təmsil etməsi vacibdir.
Peskov, həmçinin Rusiya ilə ABŞ arasında strateji sabitlik üzrə danışıqların mürəkkəb və uzunmüddətli olacağını qeyd edib. Buna görə də onun sözlərinə görə, bu danışıqlara daha tez başlamaq lazımdır.