Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar

S.A. adlı Ermənistan vətəndaşı Baş nazir Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Akopyanı daşıyan təyyarənin PUA ilə vurulmasına çağırış edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hüquq-mühafizə orqanlarından yerli KİV-ə bildirilib.

2025-ci ilin dekabrında Feysbukda edilən bir paylaşımda Rusiyaya səfər edən Nikol Paşinyanın təyyarəsinin Moskvada eniş edə bilməməsinə toxunulub. Həmin paylaşımın şərhlər bölməsində S.A. bu məzmunda şərh yazıb: “Kaş dronla vurulardı, hamımız o iki yırtıcıdan xilas olardıq”.

Bu şərhdən sonra Ermənistan İstintaq Komitəsinin Geqarkunik regional idarəsi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə (“Kütləvi informasiya vasitələri və ya informasiya-kommunikasiya texnologiyaları vasitəsilə zorakılığa açıq çağırış”, “Zorakılığın ictimai şəkildə əsaslandırılması və ya təbliği”) cinayət işi açıb.

İşin başlanmasından təxminən 3 ay sonra S.A.-ya bu maddələr üzrə ittiham irəli sürülüb. Şübhəli barəsində qətimkan tədbiri kimi ölkədən çıxışına qadağa seçilib.