Müharibənin əvvəlində ABŞ və İsrailin hücumu zamanı üz nahiyəsindən ağır yaralanan İranın Ali rəhbəri Müctəba Xamenei qərarların qəbulunda rol oynayır və ölkəni gözdənuzaq şəkildə idarə edir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İran mənbələrinə istinadla məlumat yayıb.
Mənbə onun səhhətinin yaxşılaşdığını iddia edib. Bildirilib ki, ancaq məhdud sayda rəsmi şəxs Müctəba Xamenei ilə birbaşa və üzbəüz əlaqə saxlayır: “ABŞ-nin onu hədəfə almaq üçün istifadə edə biləcəyi məlumatların sızmasının qarşısını almaq məqsədilə vəziyyəti və harada olduğu barədə təfərrüatlar açıqlanmır”.
“Reuters” yazıb ki, bu iddialara baxmayaraq, Müctəba Xameneinin nə bir görüntüsünün, nə də səsyazısının olmaması vəziyyəti və real rolu ilə bağlı şübhələri artırıb.
Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutunun İran proqramının direktoru Aleks Vatanka söyləyib:
“Artıq sual Müctəbanın sağ olub-olmaması deyil, İranın hələ də fəal liderinin olub-olmamasıdır”.
Vatankanın sözlərinə görə, Müctəbanın uzun müddət ictimaiyyət qarşısında görünməməsi hakimiyyət daxilindəki rəqib qrupların onun istəklərini öz baxışlarına uyğun şərh etməsinə səbəb olub. Ekspertin fikrincə, Vaşinqtonla hansısa razılaşmanın əldə olunması və ya ABŞ ilə uzunmüddətli, ağır və baha başa gələn müharibənin davam etdirilməsi barədə qərar Müctəba Xameneinin açıq razılığını tələb edir.