Mülki əhalinin hədəf alınması nəticəsiz qalacaq: Rusiya "öz qazdığı quyuya düşəcək"

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib. Məlumata görə hadisə nəticəsində çoxsaylı itkilər olub.

Müharibənin ilk günlərindən Rusiya Ukraynanın mülki əhaləsini hədəf almaqdan çəkinmir. Lakin son dövrlərdə bu hücumlar daha da artıb. Bu, təsadüfi deyil. Belə hücumlar birbaşa olaraq Ukrayna xalqında hakimiyyətə qarşı təzyiq yaratmağa hesablanıb. 

Məsələ burasındadır ki, Ukrayna müharibəni Rusiya ərazisinə keçirib. Artıq təkcə Rusiyanın dərinliklərinə zərbələr endirilmir. Həm də Rusiyanın mühüm strateji obyektləri, o cümlədən hərbi və enerji təyinatlı müəssisələri vurulur. Bu, Rusiyanın hərbi və iqtisadi imkanlarını zəiflədir. Rəsmi Moskva müharibənin ağırlığını artıq hiss etməyə başlayıb.

Əgər Rusiya əvvəl öz şərtlərini diktə etmək və danışıqlara kompromissiz getmək istəyirdisə, indi bu imkanı yoxdur. Bunu özü də başa düşür.

Üstəlik, Rusiyanın müharibəni davam etdirmək üçün imkanları azalır. Beynəlxalq geosiyasi vəziyyət də Kremlin xeyrinə deyil. Belə olan halda Rusiyanın aqressivləşməsi və mülki obyektləri hədəf alması başa düşüləndir. 

Yaxın gələcəkdə-Ukraynanın hərbi müstəvidəki uğurlarına paralel olaraq Rusiyanın da bu cür hücumları artırması gözləniləndir. Lakin bu addımlar nəticəsiz qalacaq. Ukrayna xalqı müharibə şəraitinə artıq öyrəşib

Əksinə, rəsmi Kiyev Rusiyanın belə hücumlarını sənədləşdirərək beynəlxalq ictimaiyyətin qarşı tərəfə təzyiqlərinin artırılmasına nail ola bilər.

Kənan Novruzov