Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı

Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində həyata keçirdiyi aviazərbələr nəticəsində həlak olanların sayı 38 nəfərə, yaralananların sayı isə 163 nəfərə çatıb. Bu barədə iyunun 29-da İsrailin Ynetnews xəbər portalı “Taliban”ın məlumatlarına istinadən xəbər verib.

Sherg.az xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, zərbələr Pakistan taliblərinin qruplaşmalarından birinə qarşı yönəldilib və dəqiq hədəflərə endirilən hücumlar nəticəsində üç obyekt məhv edilib. Hücumlar Paktiya, Paktika və Kunar əyalətlərində yerləşən kəndlərə edilib. Mülki əhali arasında ən çox itki isə ölkənin şərqində yerləşən Paktiya əyalətində qeydə alınıb.

Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət X sosial şəbəkəsində yazıb ki, hücumlar nəticəsində üç yaşayış evi tamamilə dağıdılıb, həmçinin xeyli sayda mal-qara tələf olub.

Daha əvvəl xəbər verilmişdi ki, Pakistan təhlükəsizlik qüvvələri ölkə ərazisində baş verən çoxsaylı hücumlara cavab olaraq Əfqanıstanla sərhəddə quru əməliyyatı keçirib. Əməliyyat zamanı 29 silahlı qruplaşma üzvünün zərərsizləşdirildiyi bildirilib. Attaullah Tarar qeyd edib ki, Pakistan qüvvələri silahlıların sığınacaqları və gizləndikləri məntəqələrə qarşı “dəqiq hesablanmış zərbələr” endirib.