Qazaxıstanda uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Qazaxıstan 16 yaşdan kiçik uşaqların sosial mediada qeydiyyatdan keçməsini qadağan etməyi planlaşdırır. Qanun layihəsi hökumət tərəfindən hazırlanıb və parlamentə təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, yeni seçilmiş Qurultayın ilk iclasında deputatlar sənədi nəzərdən keçirəcəklər .

Dövlət başçısı həmçinin hökumətə uşaqlar üçün məzmun filtrasiyasını gücləndirməyi və xüsusi uşaq SIM kartlarının istifadəsini genişləndirməyi tapşırıb.

Tokayevin sözlərinə görə, sosial media, rəqəmsal platformalar, süni intellekt və aqressiv marketinq uşaqlara getdikcə daha çox təsir göstərir, buna görə də 2018-ci ildən bəri qüvvədə olan “Uşaqları zərərli məlumatlardan qorumaq haqqında” Qanuna yenidən baxılmalıdır.

Qazaxıstan başçısı qeyd edib ki, hökumət uşaqları qorumaq üçün məzmunu süzgəcdən keçirmək üçün tədbirlər görməlidir: “Ancaq valideyn məsuliyyətinə güvənmək bir sıra məlum və obyektiv səbəblərə görə uyğun deyil. Buna görə də, informasiya toxunulmazlığını təmin edəcək uşaq SIM kartlarının məcburi genişləndirilməsi barədə göstəriş verirəm”.