“Qazın kəsilməsi Paşinyan hökumətinə verilən mesajdır” - TƏHLİL

  • “Moskvanın Ermənistana daha sərt addımlar atması mümkündür”

“Rusiya ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı kompleks profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək həmin qaz kəməri vasitəsilə Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq”.

 “Qazprom Armenia” şirkətindən bildirilib ki, göstərilən müddətdə respublika istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı heç bir məhdudiyyət olmadan daxili ehtiyatlar və İran İslam Respublikasından tədarük edilən əlavə həcmdə təbii qaz hesabına həyata keçiriləcək”.

Mövzunu Sherg.az-a şərh edən politoloq Azad Məsiyev hesab edir ki, Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya kursu Moskvanın regiondakı maraqları ilə ziddiyyət təşkil edir və Kremlin İrəvana qarşı siyasi-iqtisadi təzyiq imkanlarını artırır. Onun fikrincə, qaz nəqlinin 10 gün müddətinə dayandırılması texniki səbəblərlə izah olunsa da, Putin-Paşinyan görüşü ərəfəsində baş verməsi səbəbindən siyasi mesaj kimi də qiymətləndirilə bilər:

“Bugünkü Ermənistanı formalaşdıran əsas amillərdən biri Rusiya olub. Ermənistan məhz Rusiyanın himayəsi altında indiki ərazilərinə sahib olub və uzun illər ərzində ölkənin iqtisadi inkişafı da Rusiyadan asılı vəziyyətdə qalıb. İllər ərzində Rusiyanın himayəsi altında inkişaf edən Ermənistan indi növbəti dəfə Moskvadan uzaqlaşmaq siyasəti yürüdür. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanı Rusiyanın təsir dairəsindən çıxararaq Qərbə, daha doğrusu, ABŞ-a yönəltmək siyasəti həyata keçirilir. Ermənistan Rusiyanın dünya siyasətində və regionda təsir imkanlarının zəifləməsindən istifadə edərək Qərbin dəstəyini arxasına almaq və öz məqsədlərini reallaşdırmaq istəyir. Əgər Ermənistan indiyədək Rusiyanın əlində alət rolunu oynayırdısa, indi də ABŞ və Qərbin təsirində olan bir ölkəyə çevrilmək istiqamətində addımlar atır. Ermənistanın əsas məqsədlərindən biri Avropa İttifaqına inteqrasiya etmək, növbəti mərhələdə isə NATO-ya üzvlük məsələsini gündəmə gətirməkdir. İrəvan bununla öz gələcək təhlükəsizliyini NATO çətiri altında təmin etməyə və siyasi məqsədlərini həyata keçirməyə çalışır”.

Politoloq qeyd edib ki, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi Moskvanın milli təhlükəsizliyi baxımından birbaşa təhdid kimi qiymətləndirilir. Ukrayna münaqişəsinin yaranmasında da NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi amilinin mühüm rol oynadığı qənaəti var:

“Qeyd etdiyim kimi, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Rusiyanın Ermənistandakı təsir imkanları tədricən zəifləməyə başladı. İrəvan Moskvanın təsir dairəsindən uzaqlaşaraq Qərbə, xüsusilə də Avropa İttifaqına inteqrasiyaya yönələn siyasət yürüdür. Ermənistanın gələcək kursunu açıq şəkildə bəyan etməsi və Avropa İttifaqına inteqrasiyanı strateji hədəf kimi müəyyənləşdirməsi Moskva ilə münasibətlərə də birbaşa təsir göstərir. Çünki hazırda Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər qarşıdurma müstəvisindədir və Ermənistanın Aİ-yə yaxınlaşması Rusiyanın Cənubi Qafqazdakı mövqeləri baxımından ciddi geosiyasi dəyişiklik deməkdir. Kreml də bu prosesləri diqqətlə izləyir və İrəvana münasibətdə mövqeyini getdikcə daha açıq ifadə edir. Əvvəllər Paşinyan hökumətinin siyasəti əsasən ayrı-ayrı rusiyalı ictimai-siyasi xadimlər tərəfindən tənqid edilirdisə, indi bu narazılıq Rusiya Prezidenti, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları səviyyəsində də səsləndirilir. Moskvadan İrəvana verilən əsas mesaj isə Ermənistanın siyasi kursu ilə bağlı seçim etməli olduğu və bu seçimin nəticələrinin ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcəyidir”.

A. Məsiyevin fikrincə, Ermənistanın Qərbə inteqrasiya kursunun davam etdirilməsi Moskvanın yalnız siyasi deyil, iqtisadi və digər sahələrdə də cavab addımları atması ehtimalını artırır:

“Bunun ilkin nümunələrini artıq görmək mümkündür. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına müxtəlif standartlara uyğun gəlmədiyi əsas gətirilərək buraxılmaması da bu kontekstdə diqqət çəkən hadisələrdən biridir. Belə addımlar Moskvanın İrəvana təsir imkanlarının hələ də kifayət qədər geniş olduğunu göstərir. Digər tərəfdən, Ermənistanın Rusiya ilə iqtisadi, xüsusilə də enerji sahəsində asılılığı davam edir. İrəvan bu asılılığı azaltmağa və Qərbin dəstəyi ilə alternativ mənbələr formalaşdırmağa çalışır. Lakin bunun qısa müddətdə mümkün olub-olmayacağı ayrıca sualdır. Çünki Ermənistanın enerji təhlükəsizliyi baxımından Rusiya ilə mövcud əlaqələri hələ də mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə isə Ermənistanın Qərbə inteqrasiyası yalnız İrəvan-Moskva münasibətləri çərçivəsində deyil, Cənubi Qafqazdakı geosiyasi rəqabət kontekstində də qiymətləndirilməlidir. Ukrayna nümunəsi göstərir ki, böyük güclər arasında qarşıdurma dərinləşdikcə ayrı-ayrı ölkələr geosiyasi rəqabətin alətinə çevrilə bilər. Bu baxımdan Ermənistanın da Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqazdakı əsas platformalarından birinə çevrilməsi ehtimalı mövcuddur.

Hesab edirəm ki, hazırda Ermənistan üzərindən regionda yeni geosiyasi düzənin formalaşdırılmasına yönəlmiş proses gedir. Bu prosesin əsas istiqamətlərindən biri Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi, digər istiqaməti isə Qərbin, xüsusilə Avropa İttifaqı və ABŞ-ın regiondakı mövqelərinin gücləndirilməsidir”.

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistana qaz nəqlinin 10 gün müddətinə dayandırılmasını texniki səbəblərlə izah etmək mümkündür. Həqiqətən də qaz kəmərində hər hansı texniki nasazlıq yarana və onun aradan qaldırılması üçün təmir işləri aparıla bilər. Lakin təmirin məhz 10 gün davam etməsi və bu qərarın hazırkı siyasi kontekstdə verilməsi müəyyən suallar doğurur:

“Rusiya Prezidentinin Qırğızıstanda Ermənistanın baş naziri ilə görüşü zamanı verdiyi mesajı burada xatırlamaq yerinə düşər. “Siz seçiminizi edin, biz də öz işimizi bilək” məzmununda səslənən bu mesajın fonunda qaz nəqlinin müvəqqəti dayandırılması siyasi siqnal kimi də qiymətləndirilə bilər. Ermənistanın son dövrlərdə Rusiyadan uzaqlaşaraq Qərbə, xüsusilə Avropa İttifaqına inteqrasiyanı prioritet elan etməsi Moskvanın narazılığına səbəb olur. Bu baxımdan qaz kəmərində aparılan təmir işləri texniki xarakter daşısa da, onun siyasi çalarlarının olmadığını söyləmək çətindir. Xüsusilə də qaz təchizatının məhz payızın başlanğıcında, hava şəraitinin tədricən soyumağa başladığı bir dövrdə dayandırılması diqqət çəkir. Digər tərəfdən, qarşıdakı Rusiya-Ermənistan liderlər görüşü də bu qərara siyasi kontekst qazandırır. Hesab edirəm ki, qaz nəqlinin müvəqqəti dayandırılması Paşinyan hökumətinə verilən mesajlardan biridir. Əgər İrəvan Rusiyadan uzaqlaşma və Qərbə inteqrasiya kursunu davam etdirəcəksə, Moskvanın bundan sonra daha sərt iqtisadi və siyasi addımlar atması mümkündür. Bu səbəbdən, qaz kəmərindəki təmir işləri texniki səbəblərlə izah olunsa da, prosesin arxasında siyasi mesajların və Kremlin Ermənistana təzyiq imkanlarını nümayiş etdirmək cəhdinin olması istisna edilə bilməz”.