Qərar verilib, Rusiya ilə müharibə olacaq - Orban

“Avropa İttifaqı (Aİ) liderləri 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmaq qərarına gəliblər, Macarıstan belə bir ssenaridən qaçmaq üçün lazım olan hər şeyi edəcək”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Aİ rəhbərliyinin Ukraynadakı müharibəni uzatmaq və birbaşa Rusiya ilə qarşıdurmaya yönəlmiş təhdid siqnallarını ciddi qəbul edilməlidir.

“Müharibə yaxındadır, siyasi baxımdan qaçılmazdır. Avropa liderləri qərara gəliblər ki, Avropa müharibəyə girəcək. Məsələ ilə bağlı qərar var. Rəsmi mövqe ondan ibarətdir ki, 2030-cu ilə qədər buna hazır olmalıyıq”, - Viktor Orban vurğulayıb.

Macarıstan lideri əlavə edib ki, gərginliyin artması və müxtəlif ölkələr, yaxud bloklar arasında müharibəyə keçid adətən dörd mərhələdə baş verir:

“Birinci mərhələdə diplomatik əlaqələr kəsilir, ikinci mərhələdə iqtisadi sanksiyalar tətbiq edilir və iqtisadi əməkdaşlıq dayandırılır, üçüncü mərhələdə müzakirə silahlı qüvvələr və hərbi iqtisadiyyata keçidə gedir (bu, indi baş verir), dördüncü mərhələ isə qarşıdurma mərhələsidir”.