HƏMAS Siyasi Bürosunun nümayəndəsi Qazi Həməd bildirib ki, Qəzza ilə bağlı son danışıqlar çərçivəsində hərəkatın silahlarını təhvil verməsi məsələsi müzakirə olunmayıb.
Sherg.az xəbər verir ki, Qazi Həmədin sözlərinə görə, ağır silahların mümkün saxlanılması Fələstin Milli Komissiyası tərəfindən həyata keçirilməlidir.
“Danışıqlar zamanı silahların təhvil verilməsini müzakirə etməmişik. Belə bir mərhələ yoxdur. Söhbət silahların müəyyən bir yerdə saxlanılmasından gedir və bunu xarici tərəf deyil, Fələstin Milli Komissiyası həyata keçirməlidir”, - deyə Həməd Türkiyənin "Aydınlık" nəşrinə bildirib.
Onun sözlərinə görə, silah məsələsi razılaşmanın birinci mərhələsinin şərtlərinin yerinə yetirilməsi, Qəzzada Fələstin Milli Komissiyasının fəaliyyətə başlaması və zolağa daxil ola biləcək beynəlxalq qüvvələrin vəzifələrinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Həməd qeyd edib ki, silah məsələsinin həlli həmçinin silahlı qruplaşmaların fəaliyyətinə son qoyulması və İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması ilə əlaqələndirilir.
Onun sözlərinə görə, bu şərtlər yerinə yetirildikdən sonra ağır silahlarla bağlı növbəti addımların müddəti, siyahısı və icra qaydası barədə yeni danışıqlar başlamalıdır.
Bununla yanaşı, HƏMAS nümayəndəsi vurğulayıb ki, İsrail hələlik bu yol xəritəsinə müsbət cavab verməyib və Qəzzada hərbi əməliyyatları davam etdirir.
Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşma 9 oktyabr 2025-ci ildə Misir, ABŞ, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunub və oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilən sammitdə rəsmiləşdirilib. Razılaşma atəşkəs, Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilərək azad edilməsi, humanitar yardımın artırılması və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tuturdu.
Hazırda əldə olunan razılaşmaların icrası tam başa çatmayıb. Tərəflər əsasən bundan sonrakı addımların hansı ardıcıllıqla həyata keçirilməsi məsələsində fikir ayrılığı yaşayırlar.