Rusiya da, Ukrayna da tükənib, sülh qaçılmazdır- RƏY

ABŞ rəhbərliyi Türkiyənin prosesdə həlledici rol oynamasına razılıq verib

 Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Prezidentlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Türkiyə münaqişədə vasitəçi rolu oynayıb, Ukrayna və Rusiya arasında əvvəlki danışıqları təşkil edib. Nazir bildirib ki, Rusiya-Ukrayna müharibəsi bitməyə ən yaxın nöqtədədir. O, Ankaranın bu istiqamətdə fəal iş apardığını bildirib: "Artıq dördüncü ilinə yaxınlaşan müharibədən danışırıq. Bu, 21-ci əsrdə Avropanın mərkəzində bu qədər insan və böyük maliyyə itkilərinin baş verdiyi müharibədir. Rusiya-Ukrayna müharibəsi 1 milyondan çox insanın ölümü, şəhərlərin dağıdılması, milyonlarla insanın miqrasiyası, qlobal enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təhdid ilə nəticələndi". Hakan Fidan vurğulayıb ki, müharibəyə son qoyulmalıdır: "Bizim siyasətimiz əvvəldən bu yöndə olub. Bu vəziyyəti dərk edən aktorlar lazımi anda prosesə müdaxilə etməli, təhlil aparmalı və hərəkətə keçməlidir. Biz bunun üzərində işləyirik, inşallah, tezliklə nəticələri görəcəksiniz".  

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli Sherg.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində sülh və atəşkəs cəhdləri məhz Türkiyə tərəfindən edilirdi. Ekspertin sözlərinə görə, hətta tərəflər Türkiyədə atəşkəsə nail olmaq üzrə idilər: "Sadəcə olaraq, o zaman ABŞ və Böyük Britaniya, Avropa Birliyi buna imkan vermədi. Yəni Qərb Rusiya-Ukrayna müharibəsinin bitməsinə imkan vermədi. Çünki Qərb Türkiyənin sülhməramlı kimi müharibəni dayandırmasını istəmədi. Bu da Ərdoğan Türkiyəsinə qərəz və qısqanclıq idi. Qərb çalışırdı ki, Rusiya düşdüyü Ukrayna bataqlığında daha dərinə batsın. Buna da nail oldular. Hakan Fidanın optimist çıxışı ondan irəli gəlir ki, görünür, Türkiyə yenə "qolunu çırmalayıb". Mümkündür ki, ABŞ rəhbərliyi Türkiyənin prosesdə həlledici rol oynamasına razılıq verib. Əslində bu, inandırıcıdır. Çünki etiraf etməsələr də, həm Rusiya, həm də Ukrayna tam tükənib. Rusiya dağıdıcı zərbələr endirsə də, cəbhədə irəliləyə bilmir. Ukrayna müdafiə olunsa da, əks-hücuma keçə bilmir. Artıq boksda rinqdə axırıncı, 12-ci raunddur. Hər iki boksçu da yorulub və zərbə endirməyə taqətləri qalmayıb. Rusiya və Ukrayna da bu vəziyyətdədir. Atəşkəs hər iki ölkəyə rahat nəfəs almaq üçün lazımdır".