Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib

Rusiya Müdafiə Nazirliyi Kirovoqrad vilayətində yerləşən yanacaq-sürtgü materialları (YSM) anbarının pilotsuz uçuş aparatı ilə vurulduğunu açıqlayıb.

Sherg.az xəbər verir ki, nazirliyin məlumatına görə, zərbə Geran-4 tipli PUA vasitəsilə endirilib. Bildirilir ki, hədəf Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan yanacaq infrastruktur obyekti olub.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya ordusu yalnız hərbi obyektlərə, eləcə də Ukrayna ordusunun istifadə etdiyi enerji və yanacaq infrastrukturuna zərbələr endirir.

Ukrayna tərəfi isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib. Buna görə də zərbənin nəticələrini müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb.