Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq

  • Rusiya və Myanma kosmik sahədə əməkdaşlıq haqqında sənədlər imzalayıb

Rusiya Myanmanın ilk vətəndaşının kosmosa göndərilməsinə kömək edəcək. Müvafiq razılaşma avqustun 18-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Myanma lideri Min Aun Hlaynın görüşü zamanı əldə olunub. Sherg.az xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.

Liderlərin görüşündən sonra sənədlərin mübadiləsi mərasimi keçirilib. “Roskosmos”un rəhbəri Dmitri Bakanov və Myanma tərəfdən So Myint Maun kosmik sahədə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Tərəflər peyk naviqasiyası, pilotlu kosmonavtika və “KOSPAS-SARSAT” axtarış-xilasetmə sistemi üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Saziş, həmçinin Yerətrafı kosmik fəzada təhlükələrin qarşısının alınmasını nəzərdə tutur. Bundan əlavə, Myanmanın gələcək kosmonavtlarının tibbi müayinəsi ilə bağlı müqavilələr imzalanıb və ölkə üçün milli axtarış-xilasetmə sisteminin yaradılması planlaşdırılır.

Danışıqlarda təhsil məsələlərinə də xüsusi diqqət yetirilib. Tələbə peyklərinin hazırlanması üzrə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub. Rusiya mütəxəssisləri Myanma vətəndaşı olan namizədlərin ilkin seçim və hazırlığını Rusiya standartlarına uyğun həyata keçirəcəklər.