Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 19-da Kiyev rejiminin nəzarətində olan ərazidən 103 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində 103 ukraynalı hərbi əsir təhvil verilib.

Bildirilir ki, əsirlikdən azad edilən rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir və onlarla ombudsman Yana Lantratova işləyir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, hərbçilərə psixoloji və tibbi yardım göstərildikdən sonra reabilitasiya üçün Rusiyaya, Müdafiə Nazirliyinin hospitalına aparılacaqlar.

Nazirlik əlavə edib ki, rusiyalı hərbçilərin əsirlikdən qaytarılmasında Birləşmiş Ərəb Əmirlikləri vasitəçilik səyləri göstərib.