- "Ankara platforma yarada bilər, amma müharibəni dayandıra bilməz”
- "Münaqişənin taleyi Türkiyənin yox, daha geniş geosiyasi güclərin əlindədir”
Rusiya-Ukrayna müharibəsinin dördüncü ilinə yaxınlaşdığı bir dövrdə tərəflər arasında diplomatik dialoqun bərpası ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Müharibə meydanında qarşıdurmanın davam etməsi, hücumların intensivləşməsi və tərəflərin strateji hədəflərindən geri çəkilməməsi sülh danışıqlarının perspektivlərini mürəkkəbləşdirir. Belə bir şəraitdə Türkiyə əvvəlki illərdə olduğu kimi yenidən vasitəçi rolunda çıxış etməyə hazır olduğunu nümayiş etdirir. Ankara həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruyan nadir aktorlardan biri kimi danışıqlar üçün platforma təqdim etməyə çalışsa da, hazırkı mərhələdə tərəflərin mövqeləri arasında ciddi uçurum qalmaqdadır.
Türkiyə hökumətindəki mənbə "RİA Novosti" agentliyinə bildirib ki, hazırda Türkiyədə Rusiya ilə Ukrayna arasında danışıqların bərpası üçün zəruri şərtlər formalaşmayıb. Mənbənin sözlərinə görə, buna baxmayaraq, Ankara diplomatik səylərini davam etdirir.
"Hazırkı mərhələdə Türkiyədə Ukrayna ilə bağlı danışıqların bərpası üçün ilkin şərtlər yoxdur. Lakin bu istiqamətdə iş davam edir", – mənbə qeyd edib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Ankaranın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi olmağa və tərəflər üçün platforma təqdim etməyə hazır olduğunu bir daha bəyan etmişdi.
Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Sherg.az-a açıqlamasında bildirib ki, müharibənin həm hərbi, həm də siyasi müstəvisi hazırda çıxılmaz vəziyyətdədir:
“Türkiyənin məqsədi danışıqlar üçün əlverişli mühit yaratmaqdır. Lakin hazırda danışıqlar üçün real zəmin mövcud deyil. Çünki müharibə hələ geosiyasi hədəflərinə çatmayıb. Hər iki tərəf də güzəştə getmək meylində deyil. Rusiya əldə edə biləcəyi üstünlüklərdən imtina etmək istəmir, Ukrayna isə suverenliyindən və ərazi bütövlüyündən güzəştə getmək niyyətində deyil. Avropa və Atlantik tərəfi də mövcud təhlükəsizlik arxitekturasının oturuşmadığının fərqindədir. Belə bir şəraitdə münaqişə tərəflərinin heç biri danışıqlara açıq görünmür”.
Analitik qeyd edib ki, müharibə son dövrlərdə daha da şiddətlənib:
“Artıq kritik infrastruktur obyektləri hədəfə alınır. Məsələyə bu prizmadan da baxmaq lazımdır. Risklərin artması ilə birlikdə danışıqlara dair müəyyən axtarışlar ortaya çıxıb. Türkiyənin də bu axtarışın bir hissəsi olduğunu söyləmək daha doğru olar. Sülh üçün platforma axtarışı mövcuddur. Lakin həmin platforma hələ formalaşmayıb. Hazırda yalnız belə bir platformanın yaradılması istiqamətində səylər göstərilir. Burada ən mühümfsktorlardan biri Türkiyədir. Çünki Türkiyə daha əvvəl taxıl sazişi, nüvə məsələləri və digər mövzularda öz imkanlarını nümayiş etdirib. Danışıq masaları tam uğurla nəticələnməsə belə, onlar Türkiyədə qurulub. Bu baxımdan rəsmi Ankaranın ortaya qoyduğu ciddi texniki səylər və müəyyən uğurlu təcrübələr var. Ancaq bu səylər müharibəni sona çatdırmağa kifayət etməyib. Çünki müharibənin məqsədləri geosiyasi xarakter daşıyır”.
Ekspertin sözlərinə görə, Türkiyə tərəflərin bir araya gəlməsini təmin edə bilər, lakin müharibə aparan tərəflərin gözləntilərini təkbaşına qarşılaya bilməz:
“Çünki məsələ Türkiyənin imkanlarından daha genişdir. Bu münaqişə Avropa ilə Atlantik məkanı arasındakı geosiyasi rəqabətin tərkib hissəsidir. Müharibə hələ də öz geosiyasi məqsədlərini axtarır. Doğrudur, müharibə müəyyən nəticələrə yaxınlaşdıqda Türkiyə yenə də əlindən gələni edəcək. Lakin münaqişənin həlli ilə bağlı əsas parametrlər Türkiyənin nəzarətində deyil”.