Sibiqadan yunan həmkarına: Təcili tədbir görülməlidir!

Ukrayna və Yunanıstan hava hücumundan müdafiənin gücləndirilməsi və Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməkdaşlığı fəallaşdırır. Rusiyanın davamlı hücumları Ukrayna səmasının müdafiəsini təxirəsalınmaz vəzifəyə çevirir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa yunanıstanlı həmkarı Georgios Gerapetritislə söhbəti zamanı deyib.

Sibiqa vurğulayıb ki, Rusiyanın artan raket və PUA terrorunun miqyası səmanın qorunması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Bununla yanaşı, nazirlərin söhbətinin əsas mövzularından biri dəniz yollarının təhlükəsizliyi olub:

"Rusiyanın Ukraynanın limanlarına, dəniz infrastrukturuna və mülki gəmilərə davamlı hücumları gəmiçilik azadlığı, beynəlxalq ticarət və qlobal ərzaq təhlükəsizliyi üçün birbaşa təhdid yaradır. Dənizçilik ənənələri olan iki ölkə – Ukrayna və Yunanıstan üçün gəmiçilik azadlığı prinsip və təhlükəsizlik məsələsidir".