Tailand Kamboca ilə toqquşmalardan sonra sakinləri təxliyə edir

Tailand və Kamboca sərhədində baş verən silahlı toqquşma nəticəsində iki tailandlı hərbçi yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Tailand quru qoşunlarının ikinci hərbi dairəsi açıqlama yayıb.

Məlumata əsasən, Kamboca hərbçiləri atəş açdıqdan sonra tailandlı qüvvələr cavab atəşi ilə qarşılıq veriblər. İkinci dairənin komandanı bütün bölmələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

Açıqlamada bildirilib ki, toqquşma dayandırılıb, lakin bölmələr tam döyüş hazırlığında qalır və bölgənin təhlükəsizliyini təmin edəcək.

Ordunun məlumatına görə, mövcud qeyri‑müəyyənlik və eskalasiya ehtimalı səbəbindən sərhəd bölgəsindəki Buriram, Surin, Sisaket və Ubonratçatxani vilayətlərinin sakinlərinə xüsusi ayrılmış sığınacaqlara köçürülmələri tövsiyə olunub.

Xatırladaq ki, oktyabr ayında Kamboca və Tailandın baş nazirləri Hun Manet və Anutxin Çanvirakun ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən 47-ci ASEAN sammitində sərhəd münaqişəsinin sülh yolu ilə həlli üçün birgə bəyannamə imzalayıblar.

Tailandın Xarici İşlər Nazirliyi noyabrda bəyan edib ki, Kamboca sazişin şərtlərini pozaraq qonşu ölkənin ərazisində piyada əleyhinə minalar yerləşdirib. Noyabrın 9-da tailandlı hərbçilər minaya düşərək yaralanıb. Bu səbəbdən Tailand birgə bəyannamənin əsas müddəalarının icrasını dayandırmaq qərarına gəlib.