Trampdan İranla bağlı ziddiyyətli açıqlamalar: "ABŞ zərbə endirə bilər"

ABŞ Prezidenti Donald Tramp İranla bağlı bir-birinə zidd açıqlamalar verib. O bildirib ki, Vaşinqton İrana yenidən zərbələr endirə bilər, lakin müharibənin yenidən başlaması ehtimalı yüksək deyil.

Sherg.az xəbər verir ki, Tramp NATO-nun Ankarada keçirilən sammitində çıxışı zamanı İranın əvvəlki gücündə olmadığını iddia edib. Onun sözlərinə görə, ölkənin əvvəlki rəhbərliyi məhv edilib və hazırkı rəhbərlik də eyni aqibətlə üzləşə bilər.

ABŞ prezidenti eyni zamanda özünün də İran üçün "bir nömrəli hədəf" olduğunu bildirərək, həyatının təhlükə altında ola biləcəyini deyib.

Tramp həmçinin qeyd edib ki, İranla imzalanmış qarşılıqlı anlaşma memorandumu artıq qüvvədən düşüb və Tehranla danışıqları "vaxt itkisi" hesab edir. O əlavə edib ki, ABŞ-ın məqsədlərindən biri də neft bazarında təhlükəsizliyi təmin etmək və neft tədarükünü artırmaqdır.

İran rəsmiləri isə Trampın açıqlamalarını sərt tənqid ediblər. İran Xarici İşlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, bu bəyanatlar güc nümayişi deyil, uzun illər təhdid və təzyiq siyasətinə əsaslanan yanaşmanın uğursuzluğunun etirafıdır.