TÜİK: Türkiyədə gözlənilən ömür uzunluğu dünya orta göstəricisini üstələyir

Türkiyə Statistika Qurumu (TÜİK) "Dünya Əhali Günü 2025" hesabatını açıqlayıb. Hesabata görə, Türkiyədə həm kişilər, həm də qadınlar üçün doğuş zamanı gözlənilən ömür uzunluğu dünya orta göstəricisindən yüksəkdir.

Sherg.az xəbər verir ki, BMT-nin 2025-ci il üzrə əhali proqnozlarına əsasən, dünyada doğuş zamanı gözlənilən ömür uzunluğu orta hesabla 73,5 il təşkil edir. Bu göstərici kişilər üçün 70,9, qadınlar üçün isə 76,2 ildir.

Türkiyədə isə doğuş zamanı gözlənilən ömür uzunluğu kişilər üçün 75,5, qadınlar üçün isə 80,7 il olaraq qeydə alınıb.

Hesabatda həmçinin qeyd olunur ki, 2025-ci ildə dünyada ən yüksək doğum səviyyəsi Çadda (bir qadına 5,94 uşaq), ən aşağı doğum səviyyəsi isə Cənubi Koreyada (0,75 uşaq) müşahidə olunub. Türkiyədə ümumi doğum əmsalı isə 1,42 uşaq təşkil edib ki, bu da dünya orta göstəricisi olan 2,24-dən aşağıdır.