Türkiyə Rusiya və Ukraynaya xəbərdarlıq etdi

Ankara Qara dənizdə Türkiyənin gəmiçilik təhlükəsizliyi üzrə nəzarət sisteminin fəaliyyətini genişləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

“Gəmiçilik təhlükəsizliyi sahəsində ciddi səylər göstəririk. Sistemimiz vasitəsilə bütün boğazlarda gəmilərin hərəkətini izləyirik. Nəzarət xidmətlərini Mərmərə dənizinə qədər genişləndirəcəyik. Planlarımıza sistemi Qara dənizdə də genişləndirmək daxildir”, - nazir deyib.

Uraloğlunun sözlərinə görə, planda nəzarət sistemini tezliklə Aralıq dənizinin şərqində də tətbiq etmək var: “Bununla Mərsindən Kiprə qədər olan bölgədə vəziyyəti daha yaxşı izləməyə imkan verəcək”.

Nazir əlavə edib ki, Türkiyə Qara dənizdə gəmilərə edilən son hücumları tərəfdaşları ilə müzakirə edərək, lazımi xəbərdarlıqları edib:

“Dünyada müharibələrin forma və təbiəti dəyişib, artıq dronlar, pilotsuz nəqliyyat vasitələri və pilotsuz gəmilər istifadə olunur. Son hücumlarda biri Odessa limanında olmaqla, dörd gəmi hədəfə alınıb. Bunu Daxili İşlər Nazirliyi və tərəfdaşlarımızla müzakirə edib, (Ukrayna və Rusiyaya) lazımi xəbərdarlıqları etmişik. Ölkəmizin hüquq və maraqlarını təkcə öz ərazi sularımızda deyil, həm də bütün dəniz məkanlarında qoruyuruq”.