Türkiyənin Sakarya vilayətində daha bir pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. Bu, son 24 saat ərzində Türkiyədə tapılan üçüncü PUA qalıqlarıdır.
Sherg.az xəbər verir ki, bu barədə "Nefes" qəzeti məlumat yayıb.
Məlumata görə, bu dəfə PUA-nın qalıqları Qara dənizin Sakarya vilayətinin sahilində aşkarlanıb. Mütəxəssislər dronun qalıqlarının ərazidən götürülməsi ilə bağlı işlərə başlayıblar.
“PUA-nın gövdə qalıqları Başoğlu kəndi ərazisindəki çimərlikdə aşkarlanıb. Minatəmizləmə mütəxəssislərinin araşdırmasına əsasən, obyektdə partlayıcı maddə yoxdur”, – deyə nəşr yazıb.
Avqustun 15-də Türkiyənin şimalında yerləşən Düzcə vilayətində bir PUA kənd ərazisinə düşüb. Hadisə dəniz sahilindən təxminən 7 kilometr məsafədə baş verib. Bundan başqa, yerli sakinlər İstanbul vilayətində, beynəlxalq hava limanının yaxınlığındakı çimərlikdə daha bir PUA aşkarlayıblar.
Qeyd edək ki, bu, Türkiyədə son dövrlərdə qeydə alınan ilk belə hadisə deyil. Daha əvvəl Türkiyənin Artvin vilayətində Qara dəniz sahilində naməlum dəniz PUA-sı aşkarlanmışdı.