- Qərb Rusiyanın tamamilə parçalanmasında maraqlı deyil, belə bir ssenari ən çox Çinin maraqlarına xidmət edə bilər
Rusiyanın işğal etdiyi Krımda vəziyyətin getdikcə gərginləşdiyi bildirilir. Yayılan məlumatlara görə, bəzi şəhər və yaşayış məntəqələrində boşalma prosesi sürətlənib, əhali arasında narahatlıq artıb. Ukrayna ordusunun Krımı azad etməyə yönəlmiş əməliyyatları intensivləşdirməsi bölgədə təhlükəsizlik risklərini daha da yüksəldib.
Eyni zamanda müharibənin gedişində son aylarda müşahidə olunan hərbi və iqtisadi təzyiqlər Rusiya-Ukrayna qarşıdurmasının xarakterini daha da sərtləşdirib. Xüsusilə Rusiyanın enerji, nəqliyyat və hərbi-sənaye infrastrukturuna yönələn hücumlar, cəbhədəki vəziyyət və bunun Kremlin daxili siyasi mövqeyinə mümkün təsirləri beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib.
Siyasi şərhçi Vüqar Dadaşov Sherg.az-a açıqlamasında son 300 ildə Rusiyanı birbaşa hərbi güclə məğlub etməyin mümkün olmadığını xatırladıb. Onun sözlərinə görə, Rusiya tarix boyu əsasən iştirak etdiyi böyük müharibələrin yaratdığı daxili siyasi, iqtisadi və sosial böhranlar nəticəsində zəifləyib: 
“Birinci Dünya müharibəsindən sonra imperiyanın daxildən çökməsi, Soyuq müharibənin sonunda isə SSRİ-nin iqtisadi tənəzzül səbəbindən parçalanması bunun ən bariz nümunələridir.
Hazırda da oxşar proseslər müşahidə olunur və Ukrayna artıq Rusiya üzərində ciddi üstünlüklər əldə etməyə başlayıb. Krım istiqamətində artan hərbi təzyiq Rusiyanın yarımadadakı qüvvələrinin təchizatında ciddi çətinliklər yaradır. Bununla yanaşı, həm cəbhə xəttində, həm də arxa cəbhədə Rusiya ağır itkilərlə üzləşir. Ukraynanın Rusiyanın neft-qaz infrastrukturu və hərbi-sənaye obyektlərinə endirdiyi zərbələr Moskvanın həm iqtisadi, həm də hərbi potensialına təsir göstərməyə hesablanıb”.
V. Dadaşovun fikrincə, ABŞ da Ukrayna istiqamətində strateji məqsədlərinin mühüm hissəsinə nail olub. O bildirib ki, Ukraynanın zəngin təbii sərvətləri və nadir metallarının gələcək istismarı ilə bağlı əldə olunan razılaşmalar Vaşinqtonun mövqelərini daha da gücləndirib.
Siyasi şərhçi hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın əsas müttəfiqlərindən sayılan Belarusa yönəlik sərt mesajları və Aleksandr Lukaşenkonun çətin vəziyyətdə görünməsi də Rusiyanın zəifləməsinin göstəricilərindəndir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın G7 sammitində Ukraynaya dəstək məsələsində Avropa liderləri ilə ortaq mövqe nümayiş etdirməsi də Qərbin qlobal strateji planlar üzrə vahid xəttdən çıxış etdiyini göstərir.
Bununla yanaşı, V.Dadaşov vurğulayıb ki, Qərb Rusiyanın tamamilə parçalanmasında maraqlı deyil. O hesab edir ki, belə bir ssenari ən çox Çinin maraqlarına xidmət edə bilər. Məhz buna görə də ABŞ Çinlə bağlı strateji məsələləri həll edənədək Rusiyanın bütövlüyünün qorunmasına üstünlük verir.