İyulun 25-i səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İranın ticarət gəmisinə hücum edib.
Sherg.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum nəticəsində gəmidə partlayış baş verib. Hadisə zamanı bir dənizçi həlak olub, daha bir nəfər isə yaralanıb.
Nazirliyin bəyanatında bildirilir ki, Tehran bu hücumu qətiyyətlə pisləyir və onu BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulması, eləcə də müharibənin daha da genişlənməsinə səbəb ola biləcək təcavüz aktı kimi qiymətləndirir.
"İran Xarici İşlər Nazirliyi 25 iyul şənbə günü səhər saatlarında Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyir. Hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi həlak olub, daha biri yaralanıb. Bu hücum BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulması və müharibənin alovunu daha da körükləyə biləcək təcavüz aktıdır", – deyə bəyanatda qeyd olunub.
İran XİN vurğulayıb ki, Tehran bu hücumdan sonra cavab vermək hüququnu özündə saxlayır.
"İran beynəlxalq hüququn prinsiplərinə və fundamental normalarına, xüsusilə də qanuni özünümüdafiə prinsipinə uyğun olaraq öz maraqlarını və milli təhlükəsizliyini qorumaq məsələsində tərəddüd etməyəcək", -deyə bəyanatda bildirilib.
Nazirlik əlavə edib ki, bu cür addımların nəticələrinə görə məsuliyyət Kiyevin və onu dəstəkləyən tərəflərin üzərinə düşəcək.