Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərməsi ilə bağlı rezonans davam edir. Sherg.az xəbər verir ki, Kiyev şəhərində yerləşən Ukrayna Regional İnsan Haqları Mərkəzindən (RCHR) diqqətçəkən bir iddia səsləndirilib.
RCHR-in hüquq eksperti Kateryna Raşevska ABŞ Konqresinə bağlı bir alt komitəyə verdiyi ifadəsində, rus əsgərləri tərəfindən qaçırılan ən azı iki ukraynalı uşağın zorla Şimali Koreyaya aparıldığını bildirib.
Bu uşaqların bir düşərgədə saxlanıldığı barədə məlumat verən Raşevska belə deyib:
“İşğal altındakı Donetsk bölgəsindən qaçırılan 12 yaşlı Mişa və işğal altındakı Simferopoldan qaçırılan 16 yaşlı Liza, evlərindən 9 min kilometr uzaqlıqda yerləşən Şimali Koreyanın Sonqdovon düşərgəsinə göndərilib.”
Raşevska əlavə edib ki, düşərgədə uşaqlara “yapon militaristlərini məhv etməyi” öyrədirlər və qaçırılan uşaqlar 1968-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Pueblo gəmisinə edilən hücum zamanı 9 amerikalı hərbçini öldürən və ya yaralayan Şimali Koreya veteranları ilə də görüşdürülüb.
Ukrayna rəhbərliyi müharibənin başlanğıcından bəri Rusiyanın çox sayda ukraynalı uşağı ailələrindən ayıraraq qaçırdığını iddia edir.
Ukrayna hökuməti tərəfindən hazırlanmış “Müharibənin Uşaqları” adlı məlumat bazasına görə, 2022-ci ilin fevralından bəri ən azı 19 546 ukraynalı uşaq evlərindən zorla götürülərək Rusiyaya və ya Rusiyanın nəzarətindəki bölgələrə aparılıb.